Yeni həbslər, Londonda yanğın, "Ədalət yürüşü"... - həftə 5 fotoda

Keçdiyimiz həftə Azərbaycanda və dünyada baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Fuad Əhmədliyə 4 il həbs cəzası verilib.

2016-cı ilin avqustunda saxlanılan Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə "abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürməkdə" ittiham olunur. Onun vəkili Əsabəli Mustafayev qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin digər bir hökümü ilə JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. Jurnalist özünü günahkar bilmədiyini deyib.

Fotonun müəllifi Getty Images

2. Londonun qərbində 24 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Gecə saatlarından başlayan yanğın nəticəsində 10-dan çox insanın öldüyü, onlarla insanın xəsarət aldığı bildirilir.

3. Səhiyyə Nazirliyi Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan onlarla uşaqda Rotavirus infeksiyası aşkar edildiyini bildirib.

Nazirlik deyib ki, 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri baş verib. Sakinlər isə baş verənlərin günahkarı kimi "içməli suyu" görürlər.

Fotonun müəllifi AFP

4. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Ankara və İstanbulda "Ədalət" şüarı ilə CHP millət vəkili Enis Berberoğlunun həbsinə qarşı etiraz yürüşlərinə başlayıb.

Yürüşdən əvvəl partiyanın lideri Kemal Kılıçdaroğlu çıxış edərək deyib: "Biz bir diktatorluqla qarşı-qarşıyayıq. Bıçaq sümüyümüzə dirənib, biz də artıq bəsdir deyirik".

Fotonun müəllifi Reuters

5. ABŞ-lı tələbə Otto Warmbier Şimali Koreya həbsxanasından azad edilib, lakin valideyinləri onun bir ildən artıq komada olduğunu deyirlər.

Keçən il Şimali Koreyadakı otelindən təbliğat işarəsi oğurlamaqda təqsirli bilinən ABŞ-lı tələbəyə 15 illik katorqa cəzası verilmişdi.