Azərbaycan Beynəlxalq Bankı kreditorların təzyiqi altında geri çəkilibmi?

ABB Fotonun müəllifi ABB

Azərbaycan Beynəlxalq Bankı (ABB) 3.3 milyard dollarlıq borcunun restrukturizasiya planında dəyişikliklər etdikdən sonra kreditorların dəstəyini qazana bilər, Reuters bildirib.

ABB-nın bazar ertəsi yayılan bəyanatında deyilir ki, xarici kreditorların təkliflərini nəzərə alaraq restrukturizasiya planında edilən dəyişikliklər Maliyyə Nazirliyi ilə razılaşdırılıb.

İqtisadi təhlilçilərin bəziləri bunu bankın xarici kreditorlardan gələn təzyiqə "tab gətirməməsi", başqaları isə sadəcə tərəflərin "kompromisə gəlməsi" kimi izah edirlər.



Təzyiq, ya kompromis?

Bank fəaliyyəti üzrə hüquqşünas Əkrəm Həsənov hesab edir ki, ABB-nın bəyanatı göstərir ki, bank xarici kreditorlardan gələn təzyiqə tab gətirə bilməyib.

"Bu, əlbəttə ki, xarici kreditorların maraqlarına cavab verən addımdır. Əvvəl deyirdilər ki, şərtlərimizi qəbul edin, yoxsa bankı bağlayacağıq", - BBC-ə danışan hüquqşünas bildirir.

"ABB-ın sərt mövqe tutacağı barədə blefi baş tutmadı. Onlar açıq-aşkar geri çəkilir".

Hərçənd ki, keçmiş maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, məsələ bu cür nəzərdən keçirilməməlidir.

"Mən deməzdim ki, ABB təzyiq altında geri çəkilib. Burada qarşılıqlı anlaşma prosesesi baş tutub. Hər iki tərəf öz maraqlarını müdafiə edir. Kreditorlar öz istəklərini ortaya qoyub. Buna haqları var. Kompromis əldə olunmaqla məsələ həll olunmalıdır.

May ayının sonunda ABB borcların restrukturlaşdırılması barədə planını açıqlayıb. Bank bildirib ki, 3.3 mlrd dollarlıq borcunun bir hissəsi silinməlidir. O, həmçinin iri kreditorların ödənişləri daha uzun vaxt gözləməli olacağını bildirib.

"Bu barədə bəyənatı bəzi kreditorlar qəzəblə qarşılamışdı," - Reuters agentliyi bildirir.

Maliyyə Nazirliyi ilə "razılaşdırıldığı" deyilən yeni dəyişikliklərdə isə deyilir ki, Azərbaycan dövlətinin nəzarətində olan bank mübadilə ödənişlərin hissəsi kimi buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edir.

Əkrəm Həsənovun sözlərinə görə belə bir bəyanatla çıxış edən ABB göstərmək istəyir ki, bu, birgə qərardır və onun dövlətə ötürülən borcları barədə öhdəliklərinə dövlət zəmanət verir.

"Bank Maliyyə Nazirliyi ilə dövlət adından çıxış etdiyini göstərmək istəyir".

ABB bildirir ki, borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.

ABB restrukturlaşdırma planını mayın 23-də Londonda borclu olduğu kreditorlara təqdim etmişdi. Plana görə kreditorlara borc pulunun əvəzində müddətli istiqrazların götürülməsi təklif edilirdi.

Bu borcların ümumi məbləği 861.5 milyard dollar dəyərində olduğu deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş