Britaniya mətbuatı: Erdoğan ABŞ-ı "NATO üzvlüyü məsələsinə bir də baxacağı ilə" hədələyib

Erdoğan Fotonun müəllifi Pool
Image caption Bu barədə danışdıqdan az sonra Erdoğanın halı pisləşib və onu məscid binasının başqa tərəfinə aparıblar. Sonradan o özünə gəlib

"The Daily Telegraph" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ-ı, onun Suriyada kürd qüvvələrini silahlandırmasına görə, NATO ilə münasibətlərin nəzərdən keçirilməsinə çağırmaqla hədələyib.

"Deməli, bir tərəfdə biz NATO ilə olacağıq, başqa bir tərəfdə isə onlar terror təşkilatlarının yanında olacaqlar" - Erdoğan rişxəndlə deyib.

Türkiyə prezidenti Birləşmiş Ştatların beynəlxalq koalisiyasını Suriya Demokratik Qüvvələrini dəstəkləməsini tənqid edir. Bu qüvvələrin böyük bir hisəsini kürd döyüşçülər təşkil edirlər.

Erdoğan deyib ki, "dırnaqarası dostlarımız Türkiyəni bölmək istəyən terror təşkilatları ilə əməkdaşlıqda bir problem görmürlər".

SDQ hazırda Suriyada Raqqa şəhərinin İslam Dövləti adlanan qruplaşmadan alınması üçün döyüşür. Bu şəhər İD-in Suriyadakı de facto paytaxtı və son istehkamıdır.

Məhz buna görə də ABŞ qüvvələri SDQ döyüşçülərini təlimləndirirlər. Bu yaxınlarda ABŞ SDQ tərkibindəki kürd döyüşçülərə silah və hərbi texnikanın verilməsi barədə qərar qəbul edib.

Cənab Erdoğan deyib ki, NATO-nun iki ən böyük ordusuna malik iki üzv arasında ixtilaf yaratmış bu hərəkət alyansın əməkdaşlıq çərçivəsinə ziddir.

"Bütün bu hərəkətlər NATO-ya qarşıdır, - deyib Türkiyə prezidenti, - Belə olduqda NATO müqaviləsinə yenidən baxılması lazımdır".

Washington Ankaranı sakitləşdirmək üçün bildirib ki, Suriya kürdlərinə verilən silahlar, İŞİD-in məğlub edilməsindən sonra onlardan alınacaq. Türkiyə bu silahların separatçı PKK döyüşçülərinin əlinə keçə biləcəyindən narahatdır.

Erdoğan bildirib ki, "bu silahların nə vaxtsa kürdlərdən alınacağını vəd edənlər, bizi axmaq yerinə qoyurlar, amma bu həyati səhvlərini başa düşəndə gec olacaq".

Türkiyə prezidenti deyib ki, "biz o silahların sahiblərindən o silahlarla tökdükləri hər damla qanın hesabını istəyəcəyik".

ABŞ və Avropa İttifaqının 22 üzvü NATO müqaviləsinə daxildirlər. Bu ölkələrin əksəriyyəti Erdoğanın getdikcə artan avtoritarlığına görə ona olan münasibətlərini sərtləşdirib.

Ötən iyulda baş vermiş çevriliş cəhdinin ardınca prezident on minlərlə insanın həbs edilməsinə və işdən qovulmasına göstəriş verib.

Bunların arasında çox sayda hakimlər, prokurorlar, polis rəisləri, hərbçilər, müəllimlər və jurnalistlər var.

Erdoğan ötən apreldə keçirilən referendumda qalib gəldikdən sonra bir prezident kimi səlahiyyətlərini xeyli genişləndirib.

Bütün bu gərginliyə baxmayaraq Türkiyə NATO-nun ön cəbhə xəttində əvəzedilməz müttəfiq kimi qalır.

Türkiyə Aİ ilə bağlanmış miqrant sazişinə əsasən milyonlarla Yaxın Şərq qaçqınının Avropaya axınının qarşısını alıb.

Bununla yanaşı Türkiyə, İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın həyati əhəmiyyətli üzvlərindən biridir.

"The Telegraph" yazır ki, bu "alovlu nitqdən" az sonra Erdoğanın halı pisləşib və onu məscid binasının başqa tərəfinə aparıblar.

Az sonra qayıdan prezident "Allaha şükür, indi yaxşıyam" deyib və nitqini davam etdirib.

Əl-Cəzirə BBC-dən necə "doğuldu"?

Fotonun müəllifi STAN HONDA
Image caption "BBC kanalı bağlanan kimi Qətər onun 150 istedadlı və BBC məktəbi keçmiş jurnalistini necə deyərlər "göydə qapdı", məktubda deyilir

"The Guardian" qəzetinin məktublar bölməsində Səudiyyə Ərəbistanı ilə bağlı iki müxtəlif məktub dərc edilib.

Məktublardan birinin müəllifi, jurnalist İan Richardson yazır ki, Səudiyyə Ərəbistanının Əl-Cəzirə telekanalının bağlanmasını tələb etməsi bir az ironiyalı görünür, çünki bu telekanalın ilkin uğuruna ər-Riyadın elə özü səbəb olub.

"Mən o vaxt, 1990-cı illərin ortalarında BBC Ərəb telekanalının baş redaktoru idim. Səudlar bizim yayınlarımızdan o qədər narazı idilər ki, axırda bizi özlərinə məxsus peykdən çıxardılar" - yazır jurnalist.

"Elə o vaxtlar Qətər BBC Ərəb telekanalı ilə rəqabətə girişmişdi, amma bunu bacarmırdı, çünki lazımi jurnalist heyəti yox idi."

Lakin BBC kanalı bağlanan kimi Qətər onun 150 istedadlı və BBC məktəbi keçmiş jurnalistini, prodüser və yayın mühəndisini, necə deyərlər "göydə qapdı".

Beləcə 1996-cı ilin noyabrında əsasən keçmiş BBC əməkdaşlarından ibarət Əl-Cəzirə efirə çıxdı.

Əl-Cəzirə öz anası BBC-dən onun balanslılıq, ədalət və tərəfsizlik kimi prinsiplərini də götürmüşdü.

"Mənim heç şübhəm yoxdur ki, səudlar o vaxt BBC kanalını əzməsəydilər (BBC öz ərəb telekanalını yalnız 2008-ci ildə bərpa etdi) Əl-Cəzirə belə qısa müddətdə bu qədər siyasi və sosial güc əldə bilməzdi" - yazır Richardson.

İkinci məktubun müəllifi "London sakini" Roger Schafir-dir.

O yazır ki, Səudiyyə Ərəbistanın Qətərə ultimatumu 1914-cü ildə Avstriyanın Serbiyaya verdiyi ultimatumu xatırladır.

İndi Səudiyyə Əl-Cəzirə telekanalının bağlanmasını tələb edirsə, o vaxt Avstriya Serbiyadan onun əleyhinə yazan qəzetlərin bağlanmasını tələb edirdi.

Tarixçilər bildirirlər ki, Avstriya öz ultumatumunu elə qurmuşdu ki, bu ultimatum yalnız rədd edilə bilərdi.

Məktubda deyilir ki, Səudiyyə Ərəbistanı Qətəri hərbi müdaxilə ilə hədələyir, hərçənd yaxşı bilir ki, bu halda İran münaqişəyə qarışmalı olacaq. Bəlkə elə ər-Riyadın istədiyi də budur, - yazır müəllif.

Onun fikrincə, Səudiyyə Tehranla müharibəyə ona görə can atır ki, bu halda Birləşmiş Ştatların da onun tərəfində müharibəyə qoşulmalı olacağına inanır.

Məktubda qeyd olunur ki, əvvəllər belə bir niyyət Barack Obama tərəfindən cilovlanırdı, amma görünür, səudlar Trump-dan başqa yanaşma gözləyirlər.

"Görəsən Trump Səudiyyə Ərəbistanına səfəri zamanı onlara nə deyib?" - deyə sual edir Roger Schafir.

Biz yadplanetlilərin tapılması ərəfəsindəyik?

Fotonun müəllifi NASA
Image caption Anonymous hakerlər qrupu NASA-nın Yer planetindən kənarda həyatın mövcudluğunu rəsmən bəyanlamaq ərəfəsində olduğunu bildirib

"The İndependent" yazır ki, Anonymous hakerlər qrupu NASA-nın Yer planetindən kənarda həyatın mövcudluğunu rəsmən bəyanlamaq ərəfəsində olduğunu bildirib.

Bu hakerlər qrupuna bağlı YouTube kanalına bu iddianı bəyan edən video yüklənib.

Qrup bu iddialarını NASA inzibatçılarından biri - Thomas Zurbuchen-in Konqres dinləməsinə verdiyi ifadə əsasında irəli sürdüyünü bildirir.

Ötən aprel ayında keçirilən bu dinləmənin mövzusu "Həyat axtarışında tərəqqi" idi.

Hakerlər kollektivi doktor Zurbuchen-in dinləmə zamanı belə dediyini iddia edib: "Bizim sivilizasiyamız kosmosda yadplanetli həyatı aşkar etmək ərəfəsindədir".

Guya Zurbuchen deyib ki, spesifik olaraq kainatda yad həyat axtaran kosmik fəaliyyət və missiyalar "bizim tarixdə ən böyük və ən misilsiz kəşfin ərəfəsində olduğumuzu göstərir".

Videoda bu da deyilir ki, Cassini kəşfiyyat gəmisinin Saturnun ayında hidrogen tapması, Yupiterin aylarından biri olan Avropada okeanların aşkar edilməsi bəşəriyyətin yadplanetliləri tapacağına nikbinlik yaradır.

NASA: Yerə bənzəyən 7 planet aşkar edilib

Niyə kosmosda alkoqol qəbul etmək olmaz?

Ötən həftə NASA Günəş sisteminin xaricində 219 iddia edilən planetin tapıldığını və onlardan 10-nun Yerə çox bənzər olduğunu elan etmişdi.

Bu planetlər Yer kimi "qayalıqdır" və öz günəş sistemlərinin "həyat üçün əlverişli zonasında" (Goldilocks zone) yerləşir. Günəşdən belə məsafə planetlərdə maye suyun olmasına şərait yaradır.

Kepler fəza teleskopu tərəfindən aşkar edilmiş belə ekzoplanetlərin sayı 4034-dür və onlardan 50-si ölçücə Yerə yaxındır, habelə həyat üçün əlverişli zonada yerləşir.

NASA-nın bəyanatında deyilir ki, Keplerdən alınan məlumata görə iki planet qrupu mövcuddur, onların hər ikisinin kosmosda həyatın axtarışına əhəmiyyətli təsirləri olacaq.

Anonymous habelə bizim öz ulduz sistemimizə yaxın TRAPPIST-1 adlı cırtdan qırmızı günəşin ulduz sistemində Yerə bənzər şəkildə orbit edən 7 planet ola biləcəyini xatırladır.

Bu planetlər Yerdən "cəmi" 39 işıq ili aralıdadır.

Bu barədə daha geniş