Bakıda Hacı Cavad məscidinin sökülməsi cəhdinə etiraz edilib

13 apreldə keçirilən etiraz zamanı dindarlar məscidin qarşısında namaz qılıblar
Image caption 13 apreldə keçirilən etiraz zamanı dindarlar məscidin qarşısında namaz qılıblar (arxiv)

Cümə günü bir qrup dindar Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad Məscidinin sökülməsinə etiraz edir.

Mediada yayılan görüntülərdə məscidin kondisionerlərinin sökülmə prosesi əks olunub.

Adəm adlı etirazçılardan biri BBC Azərbaycancaya Hacı Cavad məscidinin sökülməsinə cəhdin cümə namazından təxminən bir saat sonra başladığını bildirib.

O, məscidin sökülməsi barədə heç kəsə xəbərdarlıq verilmədiyini bildirib.

Polis əməkdaşları məscidə girərək quranlar daxil olmaqla içəridə olan ləvazimatları bayıra çıxararaq bir qismini küçədə, digər qismini isə zibil maşını ilə naməlum yerə aparıb, Adəm əlavə edib.

Eyni zamanda, o, məscidin elektriki, qazı və suyunun kəsildiyini və çilçırağının yuxarıdan zərbə ilə qırılaraq yerə düşdüyünü iddia edib.

Adəm hakimiyyətin "polisin qüvvəsinin bizdən çox olacağını" düşündüyünü və onun və digər etirazçıların məscidin müdafisəndə öz "qanlarını tökməyə" hazır olduqlarını deyib.

O, hökumət qurumlarının təmsilçilərinin məscidin nümayəndə heyətinə yeni məscid tikilmədən Hacı Cavad məscidinin sökülməyəcəyin söz verdiklərini də qeyd edib.

"Bizə söz verilmişdi ki, təzə məscid tikiləcək, amma bu da qalacaq, amma heç kimin sözünə baxmırlar. Heç kim öz verdiyi vədə əməl etmir", etirazçıların bəziləri Meydan TV-nin canlı yayımında bildirib.

Məsələ ilə bağlı Yasamal rayon icra hakimiyyəti heç bir şərh verməyib.

Bu məscidin sökülməsinə ilk cəhd bu il, aprelin 12-də olub və həmin vaxt onlarla dindar buna ikigünlük etiraz edib.

Bundan sonra, prezident İlham Əliyev Hacı Cavad məscidinin sökülməsi ilə bağlı narazılıq edən "inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin sökülməsinin dayandırılması" barədə tapşırıq verib.

O, "məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə" xüsusi komissiyanın yaradılmasına göstəriş vermişdi.

Həmin vaxt hadisə yerinə gəlmiş Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məscidinin müvəqqəti olaraq sökülməyəcəyini və əvəzinə tikiləcək yeni məscid üçün yerin müəyyənləşdiriləcəyini demişdi.

1912-ci ildə Hacı Cavad tərəfindən tikilmiş və onun adını almış məscid Bakı şəhəri, Yasamal rayonunda yerləşir. Onun sahəsi 250 kvadrat metr təşkil edir və burada eyni zamanda 300 nəfər ibadət edə bilər.

Hazırkı söküntü 2014-cü ildən bəri Bakının Baş Planına uyğun olaraq mərkəzdə, "Sovetski" adlanan ərazidə yerləşən evlərin sökülməsi ilə bağlı layihə ilə əlaqədardır.

Əlaqəli mövzular

Bu barədə daha geniş