İbrahim Mehdiyev Hacı Cavad məscidinin "sökülməsinə görə" işdən çıxarılıb

İbrahim Mehdiyev Fotonun müəllifi yasamal-ih.gov.az

Şənbə günü prezident İlham Əliyevin qərarı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tutduğu vəzifədən azad olunub.

"İbrahim Əsgər oğlu Mehdiyev Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin", - şənbə president.az saytında dərc edilmiş sərəncamda deyilir.

Sərəncamda qərarın səbəbləri barədə təfərrüatlar verilmir.

Lakin şənbə günü AZƏRTAC agentliyi Hacı Cavad məscidinin sökülməsini "özbaşına həyata keçirən" vəzifəli şəxsin "cəzalandırıldığı" barədə məqalə dərc edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi dövlət başçısının "tapşırığının əksinə olaraq", yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə "özbaşına qərar" verildiyini deyib.

"Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir", - AZƏRTAC Əli Həsənovun sözlərini iqtibas edir.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilmişdir.

İbrahim Mehdiyev Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə 2006-ci ildə təyin olunub.

1912-ci ildə Hacı Cavad tərəfindən tikilmiş və onun adını almış məscid Bakı şəhəri, Yasamal rayonunda yerləşir. Onun sahəsi 250 kvadrat metr təşkil edir və burada eyni zamanda 300 nəfər ibadət edə bilər.

Hazırkı söküntü 2014-cü ildən bəri Bakının Baş Planına uyğun olaraq mərkəzdə həyata keçirilən yenidənqurma layihəsi ilə əlaqədardır.

Əlaqəli mövzular

Bu barədə daha geniş