Azərbaycan MN: Cəbhə xəttində körpə qız və nənəsi həlak olub

dəfn mərasimi Fotonun müəllifi Azvision.az
Image caption Nənə və nəvə artıq dəfn edilib, azvision.az saytı yazır.

Çərşənbə axşamı günü Füzuli rayonunun Alxanlı kəndinə Ermənistan hərbi qüvvələrinin açdığı atəş nəticəsində körpə qız və nənəsi həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin hadisədə Azərbaycan qüvvələrinin dinc əhalidən "canlı sipər kimi" istifadə etməsi iddiasını rədd edib.

Azərbaycan Baş Prokurorluğu Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini atəşə tutması və 2 mülki şəxsin həlak olması ilə bağlı 7 cinayət işinin başlandığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, çərşənbə axşamı gününün axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi "82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub".

Nəticədə kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar, məlumatda deyilir.

Nazirlik bildirir ki, atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin qarşı tərəfə cavab atəşi açdığını və hadisə ilə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını bildirib.

Ermənistan tərəfi isə atəşkəsin pozulmasında Azərbaycanı ittiham edib.

Baş prokurorluq 7 cinayət işi başladıb

Çərşənbə günü bəyanat yayan Baş Prokurorluq hadisəni "təxribat" adlandırıb və məsələ ilə bağlı yeddi cinayət işinin başlandığını bildirib.

Faktlarla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma, silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma, silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma maddələri ilə cinayət işi başlanıb.

Digər maddələr silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma, iki və ya daha çox şəxsi qəsdən öldürmə, iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmədir.



Baş Prokurorluq hadisə ilə bağlı istintaq aparıldığını deyib.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.

Ermənistan tərəfinin mövqeyi

Həm Ermənistanın Xarici İşlər Nazirliyi, həm də tanınmamış "Dağlıq Qarabağ Respublikası" (DQR) mülki vətəndaşların ölümü ilə nəticələnən atəşlərə səbəb olaraq Azərbaycanı ittiham ediblər.

Ermənistan XİN sözçüsü Tigran Balayan Twitter-də yazıb ki, "Azərbaycanın provokasiyaları və itkilərinə son qoymaq istəyirsə, Bakı Vyana və Sankt Peterburq razılıqlarını icra etməyə razılığını verməlidir".

Tanınmamış DQR baş nazirinin sözçüsü Artak Beglaryan da Twitter hesabında iki tvit paylaşıb:

"Hər hansı tərəfdən insanların (xüsusilə də mülkilərin) ölümləri barədə xəbər almaq məni təəsüfləndirir. Lakin atəşkəs pozuntularına və provokasiyalara məsuliyyəti Azərbaycan daşıyır."

"Azərbaycan qəsdən Qarabağ ərazisini öz yaşayış yerlərində yerləşən raket sistemlərilə atəşə tutaraq öz vətəndaşlarını təhlükə altına qoydu."

Tanınmamış "DQR" Müdafiə Nazirliyi son iki gündə yaydığı bəyanatlarda Ermənistan tərəfinin iyulun 4 Azərbaycan tərəfinin atəşlərinə cavab olaraq atəş açaraq Alxanlı kəndində yerləşən hərbi nöqtlərə xəsarət yetirdiyini deyib.

Daha sonra yayılan bəyanatda "DQR" müdafiə nazirliyi Azərbaycanı mülki vətəndaşlardan qalxan kimi istifadə etməkdə günahlandırıb. Bəyanatla birlikdə iki azərbaycanlının telefonla söhbəti paylaşılıb.

"DQR" iddia edir ki, səs yazısı Azərbaycan tərəfinin Alxanlı kəndində Ermənistan tərəfinin mərmiləri endiyi ərazidə qərargahı olduğunu təsdiqləyir. Lakin səs yazısında "qərargah" sözünün nə mənada istifadə edildiyi və mərmilərin endiyi yerdən məsafəsi barədə məlumat yoxdur.

Fotonun müəllifi Getty Images

Azərbaycanın cavabı

Hadisə ilə bağlı çərşənbə günü Baş Prokurorluq, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə mətbuat konfransı keçirib.

Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı tanınmamış "DQR" müdafiə nazirliyinin Azərbaycan tərəfinin mülki vətəndaşlardan qalxan kimi istifadə etməsi barədə məlumatını "qətiyyətlə" təkzib edib.

Cənab Dərgahlı deyib ki, Alxanlı kəndində nə qərargah, nə də atəş nöqtəsi var.

"Bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Dünən isə bu silahdan ümumiyyətlə istifadə olunmayıb", o deyib.

XİN sözçüsü Hikmət Hacıyev isə bildirib ki, hadisə ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzey Kasprzyk artıq hadisə yerindədir və cəbhənin hər iki tərəfində məsələ araşdırılacaq.

Cəbhə xəttində gərginliyin iyulun 11-də baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə təsir edib-etməyəcəyilə bağlı isə cənab Hacıyev deyib ki, Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır.

O, Ermənistan tərəfini atışmalarla vəziyyəti gərginləşdirməkdə ittiham edib.



ATƏT-in Minsk Qrupu həmsədrlərinin reaksiyası

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 4-də axşam vaxtı Füzuli rayonunun Alxanlı kəndində, o cümlədən, mülki vətəndaşlar arasında itkilərlə nəticələnmiş zorakılığın yenidən baş verdiyi barədə məlumat alıblar.

Həmsədrlər, Rusiya Federasiyasının nümayəndəsi səfir İqor Popov, Fransa nümayəndəsi, səfir Stephane Visconti və ABŞ nümayəndəsi səfir Richard Hoagland təcili sürətdə tərəfləri hərbi hərəkətləri dayandırmağa çağırıb.

"Zorakılıqdan yalnız yeni zorakılıq doğur və bunun sonu yoxdur", - bəyanatda deyilir.

Həmsədrlər uzun müddətdir ki, davam edən bu münaqişənin məsuliyyətli və insani həlli yolunu tərəflərin xoşməramlı ruhda danışıqlar masası arxasına qayıtmasında görürlər.

Həmsədrlər həlak olanların ailələrinə başsağlığı bildiriblər.

Bu barədə daha geniş