Dağlıq Qarabağda atəşkəsin pozulmasına kədər və təəssüf reaksiyaları

Zəhra və Sahibə Quliyevalar Fotonun müəllifi APA

Beynəlxalq qurumlar və diplomatlar Dağlıq Qarabağda atəşkəsin pozulması nəticəsində biri azyaşlı olmaqla, iki mülki şəxsin həlak olması ilə əlaqədar kədərləndiklərini və təəssüfləndiklərini bildiriblər.

İsrail səfiri Dan Stav ötən gün Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən "dəhşətə gəlir və dərindən kədərlənir", İsrail Səfirliyi Facebook hesabında paylaşıb.

Səfir Stav Zəhra və Sahibənin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığını çatdırır və yaralılara tezliklə sağalmağı arzu etdiyini deyib.

Ermənistan-Azərbaycan Sülh Platforması da baş verən hadisələrə görə "təəssüf hissi keçirdiyini" bildirib.

"Bu hadisələrin baş verməsi iki qonşu xalq arasında nifrətin dərinləşməsinə və düşmənçilik hisslərinin güclənməsinə səbəb olur."

ATƏT-in Minsk Qrupunun həmsədrləri "təcili sürətdə tərəfləri hərbi hərəkətləri dayandırmağa" çağırıb.

"Zorakılıqdan yalnız yeni zorakılıq doğur və bunun sonu yoxdur", həmsədrlər - Rusiya Federasiyasının nümayəndəsi səfir İqor Popov, Fransa nümayəndəsi səfir Stephane Visconti və ABŞ nümayəndəsi səfir Richard Hoaglandın bəyanatında deyilir.

Çərşənbə axşamı Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin atəşə tutulması zamanı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Azərbaycanın Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işi başladıb.