Qəbələdə skautların düşərgəsi - şəkillərdə

Qəbələdə "Wonderland Azərbaycan-2017" Beynəlxalq Skaut Düşərgəsi öz işini başa vurmaq üzrədir. Skaut hərəkatı barədə fotoreportajı BBC Azərbaycanca üçün Gülər Abbasova hazırlayıb.

Skaut hərəkatı gənclərin fiziki, zehni, mənəvi və sosial inkişafına dəstək olan könüllü hərəkatdır. Hərəkat 1907-ci ildə Böyük Britaniyada leytenant - general Robert Baden-Powell tərəfindən təşkil olunub.

Fotonun müəllifi GularAbbasova

Skautinqin məqsədi yeniyetmə və gəncləri açıq havada keçirilən - kempinq, dağçılıq, yürüş, atçılıq və başqa idman növlərinə, intellektual oyunlara cəlb etmək, ekstremal hallardan çıxış üsulları, ilk tibbi yardım qaydalarını öyrətməkdən ibarətdir.

"Hazır ol!" Skautların ümumi şüarıdır.

Fotonun müəllifi GularAbbasova

Skautlar uşaq, yeniyetmə və gənc olmaqla bir neçə yaş qrupuna bölünür.

Skautinq proqramı adətən 6 yaşından 25 yaşına kimi üzvləri üçün nəzərdə tutulur, amma bəzi ölkələrə görə yaş göstərici dəyişə bilir.

Skaut qruplarına yaşca böyük, təcrübəli skaut liderlərləri başçılıq edir.

Fotonun müəllifi GularAbbasova

Hazırda dünyanın 216 ölkəsində 38 milyondan artıq skaut var.

Azərbaycanda Skautlar Assosiasiyası (ASA) isə 1997-ci ildə yaradılıb.

ASA 2000-ci ildən Ümumdünya Skaut Hərəkatı Təşkilatının üzvüdür. Hərəkatın hazırda iki minə yaxın üzvü qeydiyyata alınıb.

Fotonun müəllifi GularAbbasova

Azərbaycan skautlarının cərgələrinə daha çox 14-17 yaş qrupundan olan yeniyetmələr qatılır.

Liderlərin çatışmazlığına görə hələ də siyahıda skaut cərgələrinə qoşulmaq istəyənlər öz növbələrini gözləyir.

Fotonun müəllifi GularAbbasova

Ənənəvi olaraq hər il müxtəlif ölkələrin skaut təşkilatları beynəlxalq düşərgələr təşkil edir və bura yerlilərlə bərabər digər dövlətləri skautları da cəlb olunur.

Belə düşərgələrdə gənclər yeni bacarıqlara sahib olmaqla yanaşı ünsiyyət qurmaq, dünyanın müxtəlif yerlərindən yeni dostlar və təcrübələr qazanmağa nail olur.

Fotonun müəllifi GularAbbasova

Azərbaycanda 2017-ci ildə təşkil olunan beynəlxalq yay düşərgəsinə 400-ə yaxın skaut qatılıb.

Qəbələdə keçirilən "Wonderland Azərbaycan-2017" -a Azərbaycanın müxtəlif bölgərələrindən, həmçinin Türkiyə, Misir, Ukrayna, Gürcüstan və Almaniya skautları da gəlib.

Fotonun müəllifi GularAbbasova

ASA bildirir ki, adətən hər il beynəlxalq düşərgənin təşkilinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi maddi dəstək göstərir.

Bu il isə tədbir düşərgə iştirakçılarının qeydiyatından toplanmış vəsait hesabına təşkil olunub.

Fotonun müəllifi GularAbbasova

"Dövlət bizə müəyyən layihələrin keçirilməsində maddi dəstək olur. Bu ilki konfrans və forumun təşkilində də yardım olacaq. Amma Azərbaycanda Skautinqin inkişafı üçün daimi dəstəyimiz yoxdur. Bir çox xarici ölkələrdə isə skaut təşkilatı dövlət orqanlarıı və təşkilatların himayəsindədir", - ASA-nın prezidenti İlyas İsmayıllı bildirir.

Fotonun müəllifi GularAbbasova

Düşərgələrdə hər bir yaş qrupuna uyğun təcrübəli, könüllü təlimçilər tərəfindən ekstremal hallara həm fiziki, həm zehni hazırlıq, ilk tibbi yardım kimi təlimlər keçirilir.

Fotonun müəllifi GularAbbasova

"İxtisasca Ekoloqam. Maraqlarım skautinqə çox yaxın idi. Özümdən sonra ətrafımda olan insanları da skaut təşkilatına cəlb etməyə çalışıram", -25 yaşlı azərbaycanlı skaut, təlimçi Gülsarə Qasımova deyir.

Fotonun müəllifi GularAbbasova

Qasımova bir ildən çoxdur ki aktiv şəkildə skautinqlə məşğuldur. Bu il qatıldığı beynəlxalq düşərgədə 11-17 yaş qrupu üzrə intellektual oyunların təlimçisidir. O öz işindən zövq aldığını deyir.

Fotonun müəllifi GularAbbasova

"İntellektual təlimlər skautlara təkcə yeni biliklər,informasiya öyrətmir , həm də çətin vəziyyətdə məntiqli düşünmək və qərar vermək bacarıqlarını inkişaf etdirir. Hər dəfə uşaqlara yeni nəsə öyrədəndə, onların maraq dolu təəccübünü görürəm. Bu inanılmaz dərəcədə mənə xoşdur. Öyrətdikcə özüm də öz üzərimdə çalışıram, məsuliyyəti dərk edirəm", - Gülsarə deyir.

Fotonun müəllifi GularAbbasova

"Wonderland Azərbaycan-2017" beynəlxalq düşərgəsinə 30 əcnəbi skaut qatılıb. Avqustda Azərbaycanda keçiriləcək 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumuna isə xaricdən daha çox skautun gələcəyi gözlənir.

Əlaqəli mövzular

Bu barədə daha geniş