Vəkil Qiyasəddin İbrahimovla bağlı Prokurorluğa və Ombudsmana şikayət edib

Qiyasəddin İbrahimov Fotonun müəllifi RAMİN DEKO
Image caption Narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan fəal Qiyasəddin İbrahimov 10 il müddətinə həbs edilib

"Heykəl məhbuslarından" biri olan və 10 il müddətinə azadlıqdan məhrum edilmiş Qiyasəddin İbrahimovun cəzaçəkmə müəssisəsində döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı Baş Prokurorluq və Ombudsman aparatına şikayət edilib, vəkil deyir.

Bazar ertəsi bu qurumlara şikayət ərizəsi yollayan vəkil Elçin Sadıqov deyir ki, məsələ ilə əlaqədar hələ ki heç bir dövlət orqanından cavab almayıb.

Vəkil Elçin Sadıqov ötən həftə Qiyasəddin İbrahimovun köçürüldüyü 2 sayılı cəzaçəkmə müəssisəsində "döyülməsi və cərimə kamerasına salınması" ilə bağlı izahatını Facebook sosial şəbəkəsində paylaşıb. İzahatda Qiyasəddin İbrahimovun "15 gün müddətinə cərimə kamerası ilə cəzalandırılması, bir gün sonra döyülməsi və təhqir olunması" öz əksini tapıb.

Penitensiar Xidmət BBC Azərbaycancaya müsahibəsində döyülmə və işgəncə iddialarını təkzib edib.

"Haqsız yerə..."

İyulun 7-də Qiyasəddinlə görüşən anası Şura Əmiraslanova oğluna qarşı "haqsızlıq edildiyini" deyir.

"Deyiblər niyə şalvarın açıq rəngdir, 15 sutka kars verib, səhəri günü çıxarıb işgəncə veriblər, zorakılıq ediblər", xanım Əmiraslanova BBC Azərbaycancaya bildirib.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə döyülmə və işgəncə iddialarının doğru olmadığını deyib.

BBC Azərbaycancaya danışan cənab Sadıqov "biz araşdırma aparmışıq, ona (Qiyasəddin) qarşı heç bir qanunazidd hərəkət olmayıb", deyib.

"Onu heç kim döyməyib, haqsızlıq olmayıb. Nəinki ona, digər məhkumlara qarşı da qanunazidd hərəkətlər olmur", o əlavə edib.

Mehman Sadıqov Qiyasəddin İbrahimovun cərimə kamerasına salınması ilə bağlı bildirib ki, "...əgər İbrahimov bundan narazıdırsa, aidiyyatlı orqanlara və məhkəməyə şikayət edə bilər ki, araşdırılsın".

Şura Əmiraslanova isə Penitensiar Xidmətin mövqeyi ilə "qətiyyən razı olmadığını" bildirib. O, Qiyasəddinin "boş yerə şər atmayacağını" deyib.

"Niyə şər atmalıdır?! Oğluma işgəncə veriblər əllərini arxadan qandallayıblar, ayağı yaralanıb, qulağının arxası şişib, başına döyüblər", o deyib.

Şura Əmiraslanova oğlunun rentgen müayinəsindən keçirilməsini də istəyir.

"Sona qədər gedəcəyəm. Susmayacağam, kim susursa özü bilər", o qeyd edib.

İzahatda nə yazılıb?

Vəkil Elçin Sadıqovun 8 iyulda sosial şəbəkələrdə yayımladığı Qiyasəddin İbrahimovun izahatında deyilir ki, o, iyun ayının 16-da 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi gün problemlə üzləşib.

O, cəzaçəkmə əməkdaşlardan birinin şalvarın rəngi ilə bağlı sərt şəkildə irad bildirdiyini deyir. Qiyasəddin ona təqdim olunan şalvarın ölçüsünün düzgün olmadığını və ailəsinin şalvar gətirəcəyini deyib, sonra isə rəisin otağına aparılıb.

"Rəis də nə üçün tutulduğumu soruşduqda səbəblərini dedim. O, narkotiklə nə işim olduğunu yenidən soruşduqda, mən bu haqda Başı Şəhər Baş Polis İdarəsindən - onun rəisindən məlumat ala biləcəyini dedim. Bu cür cavab rəisin xoşuna gəlmədi və daha sərt danışmağa başladı", deyən Qiyasəddin daha sonra 15 sutka müddətinə cərimə kamerası ilə cəzalandırılıb.

"Mən karserə aparıldım və bir gecə qaldıqdan sonra aclıq aksiyası etdiyimi dedim. Lakin mənə bunu elan etmək üçün kağız vermədilər. Karserə salındığım ilk gün izahat yazmaq üçün əməliyyat rəisi tərəfindən çağırıldım. İzahatı özüm yazmaq istədikdə, o, "mən deyəcəm, sən yazacaqsan" cavabını verdi. İmtina etdim, əvəzində həmin şəxs kobud ifadələrlə danışmağa başladı", izahatda əks olunub.

İzahatda həmçinin qeyd edilir ki, "müəssisənin rəisi ona qarşı söyüş işlədib" və Qiyasəddin ona "üçüncü dəfə təhqiramiz ifadədən sonra cavab qaytarıb".

Qiyasəddin hadisənin səhərisi günü "rəis müavini tərəfindən döyüldüyünü" də bildirib.

"...əlimi arxadan qandalladı və rəisin otağına apardı. Əməliyyat rəisi də orada idi və bir gün əvvəlki məsələ ilə bağlı rəisə şikayət etmişdi. Əlim arxadan qandallı halda rəis müavini tərəfindən döyülməyə başladım. Bununla yanaşı rəis də nalayiq ifadələr işlədir və müavinə əmr verirdi ki, vursun", izahatın sonunda yazılıb.

Məsələ ilə bağlı Baş Prokurorluq və Ombudsman aparatına şikayət edən vəkil Elçin Sadıqov hələ heç bir cavab almayıb:

"Qanunun tələbinə görə mütləq araşdırma aparılmalıdır", vəkil deyib.

Niyə həbs edilib?

NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il may ayının 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Onlar məhkəmələr zamanı saxlanılan vaxt işgəncələrə məruz qaldıqlarını deyiblər, lakin Azərbaycanın hökumət orqanları bu iddiaları rədd edib.

Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bayram Məmmədov da eyni müddətə azadlıqdan məhrum edilib.

Hər iki gənc həbslərinin şüar yazmaqla əlaqəli olduğunu bildirirlər və narkotik ittihamlarını qəbul etmirlər.

Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi səbəblərlə həbs edilmədiyini bildirir.

Bu barədə daha geniş