Təkbaşına aksiya edən fəala 10 sutka həbs cəzası verilib

Füzuli Hüseynov
Image caption (Foto-Arxiv)

Bakıda "siyasi məhbuslara azadlıq" şüarı ilə bir neçə dəfə etiraz nümayişi keçirən AXCP fəalı Füzuli Hüseynov inzibati qaydada 10 sutka müddətinə azadlıqdan məhrum edilib.

Bunu BBC Azərbaycancaya Siyasi Məhbus Ailələrinin koordinasiya mərkəzinin işçi qrupunun üzvü Zəfər Əhmədov deyib.

Onun sözlərinə görə, qərar Səbail rayon məhkəməsi tərəfindən verilib və məhkəmə prosesində cənab Hüseynovun öz vəkili iştirak etməyib.

"Böyük ehtimal dövlət hesabına vəkil təyin edilib", cənab Əhmədov deyib.

Onu sözlərinə görə, Füzuli Hüseynov bazar günü, yəni iyulun 9-da səhər saatlarında evdən növbəti etiraz nümayişi keçirmək üçün çıxıb.

"Nümayişi harda etdiyini bilmirik. Deməyib, çünki biz onu bu fikrindən çəkindirməyə çalışırdıq", cənab Əhmədov deyib.


Həmçinin oxuyun:


Füzuli Hüseynov bundan əvvəl bir neçə dəfə "siyasi məhbuslara azadlıq" şüarı ilə tək və səssiz nümayiş keçirib.

O bildirib ki, etiraz etməkdə əsas məqsədi ölkədə olan "siyasi məhbusların azadlığa buraxılmasıdır".

Cənab Hüseynov ilk nümayişi zamanı da polis tərəfindən saxlanılıb və ona "xəbərdarlıq edilib.

Üçüncü etiraz nümayişi zamanı cənab Hüseynov polis tərəfindən saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnib.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi, yəni polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq maddəsilə ittiham edilib.

Hüquq müdafiəçiləri və beynəlxalq hüquq təşkilatları Azərbaycanda bir sıra "vicdan və siyasi məhbusun" olduğunu deyir.

Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir və ölkədə heç kimin siyasi motivlərlə həbs edilmədiyini deyir.

Bu barədə daha geniş