"Heykəl məhbusunun" atası: Mənə qarşı cinayət işi açılıb

Qiyasəddin İbrahimov Fotonun müəllifi RAMİN DEKO
Image caption Fəal Qiyasəddin İbrahimov narkotik maddələrinin qanunsuz dövriyyəsində ittiham olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib.

"Heykəl məhbuslarından" biri olan və 10 il müddətinə azadlıqdan məhrum edilmiş Qiyasəddin İbrahimovun atasına qarşı cinayət işi başlanıb. Bu barədə onun özü BBC Azərbaycancaya məlumat verib.

Həbsdə olan NİDA təşkilatının atası Həsən İbrahimov cümə axşamı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrılıb və cinayət işi barəsində ona idarədə deyilib.

Cənab İbrahimov ona qarşı Cinayət Məcəlləsinin 289.2-ci, yəni hakimə hörmətsizlik etmə maddəsi ilə cinayət işi açıblar.

Cinayət Məcəlləsinə görə, bu maddə ilə ittiham edilənləri 300 manatadək miqdarda cərimə və ya 320 saatdan 400 saatadək ictimai işlər, yaxud 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyə bilər.

Həsən İbrahimov deyir ki, o, oğlunun Apellyasiya məhkəməsində baş tutan sonuncu prosesində hakimə etiraz edib.

"Hakim Məhkəmədə Qiyasın sözünü kəsdi, sonra mikrofonunu söndürdü. Qiyas da əsəbləşdi, mikrofonu çəkib yerə qoydu. Dedi, söz haqqımı aldınız bu mikrofon nəyə lazımdır?! Həmin vaxt mən qalxıb etiraz etdim", cənab İbrahimov deyir.

Fəalın atasının sözlərinə görə, ona İstintaq İdarəsində bu barədə suallar verilib və daha sonra həmin məhkəmə prosesinin video çəkilişi göstərilib.

"Videoda gördüm ki, mən təhqiramiz ifadələr də işlətmişəm. Amma mən müstəntiqə dedim ki, elə halda idim ki bu sözləri dediyimi xatırlamıram", o bildirib.

Cənab İbrahimov onu da deyib ki, İstintaq İdarəsində müstəntiq ondan əfv yazmasını istəyib, lakin o bundan imtina edib.

Həsən İbrahimov düşünür ki, ona qarşı cinayət işinin açılması məhz onu əfv yazmağa vadar etməklə bağlıdır.

"Çalışırlar ki, əfv yazım. Mən yazmayacam, övladımın istəyinə qarşı gedə bilmərəm. O yazsa, mən də yazaram, əks halda yox", Həsən İbrahimov BBC Azərbaycancaya deyib.

NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il may ayının 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Onlar məhkəmələr zamanı saxlanılan vaxt işgəncələrə məruz qaldıqlarını deyiblər, lakin Azərbaycanın hökumət orqanları bu iddiaları rədd edib.

Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bayram Məmmədov da eyni müddətə azadlıqdan məhrum edilib.

Hər iki gənc həbslərinin şüar yazmaqla əlaqəli olduğunu bildirirlər və narkotik ittihamlarını qəbul etmirlər, Azərbaycan hakimiyyəti isə bu iddianı təkzib edir.

Ötən həftə vəkil Elçin Sadıqov Qiyasəddin İbrahimovun yeni köçürüldüyü cəzaçəkmə müəssisəsində döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı Baş Prokurorluq və Ombudsman aparatına şikayət edib.

Penitensiar Xidmət BBC Azərbaycancaya müsahibəsində döyülmə və işgəncə iddialarını təkzib edib.

Bu barədə daha geniş