Aİ-92 ardınca alternativ yanacaq "markaları da bahalaşacaq"

Baku Fotonun müəllifi JACK GUEZ/AFP/GETTY IMAGES

Azərbaycanda Tarif Şurasının (TŞ) qərarı ilə Aİ-92 markalı avtomobil benzinin pərakəndə qiyməti 20 qəpik artaraq 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Qiymət və tariflər sahəsində dövlət tənzimlənməsini həyata keçirən orqanın qərarı cümə günü elan olunub.

Bu ilin əvvəlindən əhali üçün təbii qazın yeni tarifləri qüvvəyə minib.

TŞ saytındakı açıqlamada qərara səbəb olan əsaslar sadalanır. Onlar ekologiya, keyfiyyət və iqtisadiyyatla bağlı amilləri əhatə edir.

"...Ötən illər ərzində manatın artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılmışdır".

Müqayisə

TŞ bildirir ki, "Aİ-92" markalı benzininin yeni qiyməti ($0,53) əksər MDB və region ölkələri ilə müqayisədə aşağı qalır.

"Belə ki, hazırda "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir".

Lakin iqtisadçı Natiq Cəfərli belə müqayisənin düzgün olmadığını hesab edir.

"Korellyasiya düzgün aparılmır. Birincisi: Qazaxıstan və Rusiyada orta əmək haqqı və orta təqaüd daha artıqdır. İkincisi isə, bu ölkələrdə yanacağa qiymət dövlət tərəfindən bilavasitə tənzimlənmir. O, vergi və tariflərlə müəyyənləşdirilir. Rusiyanın müxtəlif bölgələrində benzinin qiyməti fərqlənir. Gürcüstanda isə qlobal bazarlarda neft ucuzlaşandan sonra daxili qiymət də aşağı düşməkdədir. Yəni bu müqayisə məntiqsizdir".

2015-ci ildə Tarif Şurasının verdiyi qərara əsasən yerli istehsal Aİ 92 və Aİ 80 markalı benzinin litri 0.70, dizel yanacağının litri 0.60, xaricdən idxal olunan Premium markalı Aİ 95 markalı benzinin litri isə 0.95 AZN təşkil edir.

Əlavə bahalaşma

BBC Azərbaycancaya danışan iqtisadçı Qubad İbadoğlu hesab edir ki, Aİ-92 ardınca alternativ yanacaq markaları da bahalaşacaq.

Onun sözlərinə görə TŞ SOCAR-ın valyuta gəlirlərinin azalmasını nəzərə alıb.

"Burada ictimaiyyətin rəyi nəzərə alınmalıdır. Əslində isə korporativ maraqlar nəzərə alınıb".

Sabiq maliyyə naziri Fikrət Yusifov bu dəyərləndirmə ilə razı deyil, çünki "SOCAR ziyanla işləyə bilməzdi ki!."

Onun sözlərinə görə qiymət artımı gözlənilən olub. "Sovet məkanında necə ola bilər ki, qiymət yaxın olmasın. Rusiya ilə müqayisədə 1 litr benzində fərq 24 sent idi. Yəni bu gec-tez olmalı idi."

Əlaqəli mövzular

Bu barədə daha geniş