Dondurma istehsal edən şirkət təhlükəli dondurmaları "məhv edəcək"

uşaqlar Fotonun müəllifi DAVID EBENER/AFP/GettyImages

Qida sahəsində fəaliyyət göstərən və məhsuallarının keyfiyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq alan şirkətlərin hələ də fəaliyyət göstərməsi Qida təhlükəsizliyi haqqında qanunun qəbul edilməməsinə görədir, Azad İstehlakçılar Birliyinin (AİB) sədri deyir.

"Qanun olmayan yerdə cinayət baş verir", AİB sədri Eyyub Hüseynov bildirir. Onun sözlərinə görə, xarici təşkilatlar da Azərbaycanda bu qanunun qəbul edilməsində maraqlıdır.

İqtisadiyyat Nazirliyinin bu həftə yaydığı bəyanata görə, ölkədə istehsal olunan bəzi dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Şirkətlərdən biri BBC Azərbaycancaya, zərərli dondurmaları satışdan yığışdırdığını deyib. "Band Milk" MMC-nin sözçüsü belə donrudmaların "məhvinə qərar verdiklərini" deyib.

Uşaqlar zəhərlənir

Rəsmi bəyanatda adları çəkilən bir sıra şirkətlərdə əvvəlki illərdə də bənzər problemlər aşkarlanıb.

Eyyub Hüseynov deyir ki, donurma sahəsində ölkədə vəziyyət ürəkaçan deyil.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, bu dondurmaları yeyən uşaqlarda qarın sancıları, ishal müşahidə oluna bilər.

BBC Azərbaycancanın suallarını cavablayan Bakı sakinləri isə dondurma seçərkən daha çox dadına baxdıqlarını deyiblər.

Onlardan bəziləri məhsulun üzərindəki yararlılıq müddətinə diqqət etdiyini desə də, başqa sakinlər üçün dad əsas amil olub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bakı sakinləri aldıqları dondurmaları necə seçirlər?

Nazirliklərin aşkar etdiyi

İqtisadiyyat Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanata görə, ölkədə istehsal olunan bəzi dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Bəyanatda qeyd edilir ki, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən dondurma istehsal edən bir sıra sahibkarlıq subyektlərində birgə nəzarət tədbirləri həyata keçirilib və məhsullardan nümunələr götürülüb.

Tədbirlər nəticəsində, "AER Company Qrup" MMC, "Band Milk" MMC, fiziki şəxs Sərngül Yusubova və fiziki şəxs Müzəffər Poladov, həmçinin "S.A.B.A. Şirkəti" MMC və "A.Y.S-60" MMC-nin istehsal etdiyi bir sıra dondurmalardan nümunələr yoxlanılıb.

Məlum olub ki, bu şirkət və ya fərdi sahiblkarların istesal etdiyi bir sıra dondurma növlərinin tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların miqdarının normativ sənədlərdə nəzərdə tutulduğundan artıqdır.

Nazirlik bildirib ki, yoxlanılmış bəzi dondurmalarda mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.

Bu pozuntularla əlaqədar şirkət və fərdi sahibkarlara qeyd edilən dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Nazirlik həmin qurumlara istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verdiyini bildirir.

İqtisadiyyat nazirliyi bəyanatında xəbərdarlıq edir ki , bu şirkətlərə qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

"Xırda nöqsanlar"

Adı çəkilən şirkətlərdən biri "Band Milk" MMC onlara edilən xəbərdarlığı BBC Azərbaycancaya təkzib etməyib.

MMC iradların bir hissəsini qəbul edərək "xırda nöqsanlarımız var" deyir.

2 ildir fəaliyyət göstərən MMC-nin sözçüsü BBC Azərbaycancaya deyib ki, onların şirkətində artıq 2 dəfə yoxlama aparılıb.

"Birinci dəfə yoxlama zamanı 20 cürə məhsuldan bir-ikisində cüzi nöqsanlar aşkarlanıb. Biz o məhsulları satış obyektlərindən geri götürmüşük və məhvinə qərar vermişik", o deyib.

Şirkət sözçüsü onu da qeyd edib ki, şirkətdə artıq yenidən yoxlamalar aparılır.

Adı çəkilən digər şirkətlərdən şərh almaq mümkün olmayıb.

Qanunun vacibliyi

AİD sədri Eyyub Hüseynov bildirir ki, Azərbaycanda 2011-ci ildə dondurma istehsal edən şirkətlərdə monitorinq aparıblar.

Onun sözlərinə görə, 2011-ci ildə ABŞ İnkişaf Agentliyi AİB-ə müraciət edərək Azərbaycanın istehlakçılarının qida təhlükəsizliyi nişanının tətbiq edilməsini təklif edib.

Bundan sonra təşkilatın apardığı monitorinqlər nəticəsində dondurma istehsal edən yalnız bir şirkətə bu nişan təqdim olunub.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu şirkətlərin niyə hələ də fəaliyyət göstərməsi ilə bağlı isə cənab Hüseynov deyir ki, bunun səbəbi ölkədə qida təhlükəsizliyinə dair qanunun olmamasıdır.

"Qanun olmadığı üçün, biznes qurumları, onlara yaradılan rahat şəraitdən sui-istifadə edir. İstelakçıların hüquqlarını qoruyan təşkilatlar da pis işləyir", o bildirir.

Cənab Hüseynov qeyd edir ki, beynəlxalq təşkilatlar bu qanunu hazırlayaraq Azərbaycan hökumətinə təqdim etsələr də, hələ də bu qanun qəbul edilməyib.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da bu qanunun qəbul edilməsinə müsbət yanaşır. Lakin o, qanunvericiliyin nə zaman qəbul ediləcəyi barədə məlumatsız olduğunu deyir.

İlin əvvəlində isə ölkə prezidenti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə fərman imzalayıb.

Eyyub Hüseynov deyir ki, bu agentlik gələn il fəaliyyətə başlaya bilər. O, agentlik işə başlayandan sonra ölkədə bu sahədə vəziyyətin düzələcəyinə ümidlidir.

"O agentlik qohum-əqrəba, tanışlar üçün iş yeri olacaqsa vəziyyət dəyişməyəcək. O, ictimai nəzarətin təsiri altında olan mükəmməl qurum olmalıdır ki, vəziyyət dəyişsin", təşkilat sədri qeyd edib.

Bu barədə daha geniş