Yaralanmış əsgərin ailəsi məlumatsızlıqdan narazıdır

Müdafiə Nazirliyinin binası Fotonun müəllifi Azertag.az
Image caption Müdafiə Nazirliyi vəziyyət barədə məlumatlı olmasını təkzib etməyib.

"Başından güllə yarası alan" və hazırda Bakıda hərbi hospitalda yerləşdirilmiş əsgər Nahid Soltanovun ailə üzvləri onun həyatından narahatdır, bu barədə BBC Azərbaycancaya əsgərin qardaşı Elçin Soltanov deyib.

Elçin Soltanov bildirir ki, 23 yaşlı Nahidin vəziyyəti barədə həkimlər "ümid qalıb Allaha" deyiblər.

Azərbaycanın Müdafiə Nazirliyi vəziyyət barədə məlumatlı olmasını BBC Azərbaycancaya təkzib etməsə də, bu barədə ətraflı məlumat almaq mümkün olmayıb.

Elçin Soltanovun sözlərinə görə, 13 aydır ki, Ağdamdakı N saylı hərbi hissədə qulluq edən qardaşının hansı şəraitdə başından güllə yarası alması barədə məlumatsızdırlar.

"Necə olub hadisə, nətər olub, bilmirik", - Elçin Soltanov hadisənin iyul ayının 14-də baş verdiyini deyir.

"Axşam saat ona qalmışdı hərbi hissədən zəng vurdular ki, uşağınız xəstələnib, hospitala aparıblar. Getmişəm ki, nə xəstələnmək, başından güllə yarası alıb", o deyir.

Elçin Soltanov bildirib ki, qardaşı Ağdamda iki dəfə əməliyyat olub, iyulun 16-da isə Bakıya gətirilib.

O qardaşının xaricdə müalicə olunmasını istəyir: "Güclü dövlətimiz var, niyə aparılmasın qardaşım Türkiyəyə, ya başqa yerə. Deyirlər ki, narahat olma düzələcək, amma vəziyyəti günü-gündən pisləşir", cənab Soltanov deyir.

Elçin Soltanov ona "qardaşının necə vurulması" barədə Müdafiə Nazirliyi tərəfindən heç bir izahat verilmədiyini bildirib.

Nahid Soltanov Neft Energetika kollecini bitirib və ötən il Hacıqabul rayonundan hərbi xidmətə çağrılıb və qardaşının dediyinə görə, manqa komandiri olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş