Lalə Əmirli: Uşaqlara "atalarının uzaqda işdə olduğu yalanı davam edəcək"

Faiq və Lalə Əmirli, qızları Fatimə və Leyla ilə. Fotonun müəllifi courtesy
Image caption Faiq Əmirlinin 6 və 4 yaşında iki övladı var

Bu gün Səbail rayon məhkəməsinin qərarilə 3 il 3 ay müddətinə həbs edilmiş "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həyat yoldaşı hökmü "gözlənilən adlandırıb".

"Mənim üçün də, Faiq üçün də (hökm) gözlənilən idi. Məhkəmənin ədalətli qərar çıxarmayacağını bilirdik", Lalə Əmirli BBC Azərbaycancaya deyib.

Bununla yanaşı xanım Əmirli onu da qeyd edib ki, qərara həm də məyus olub.

"Uşaqlara hələ bir müddət də atalarının uzaqda işdə olduğu haqda yalanları davam etdirməli olacağam", deyən Lalə xanım həyat yoldaşı ilə qürur duyduğunu da əlavə edib:

"Uşaqlar indi anlamırlar, amma gələcəkdə onlar da ataları ilə fəxr edəcəklər", o bildirib.

Bazar ertəsi "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli 3 il 3 ay müddətinə həbs edilib.

Onun vəkili Aqil Layıcov BBC Azərbaycancaya bildirib ki, Əmirliyə "Gülençiliklə" bağlı ittihamla əlaqədar 3 il, "vergidən yayınma" ilə əlaqədar maddə görə isə 3 ay həbs cəzası verilib:

"Gülençiliklə verilən həbs cəzası ağır idi", vəkil əlavə edib.

Cənab Layıcov bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Əmirli 2016-cı il avqustun 20-da saxlanıb və o, Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilib. İstintaq orqanları onu ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edib.

Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb: vergidən yayınma və vəzifə səlahətindən sui-istifadə maddələri.

Faiq Əmirli özünə qarşı ittihamları qəbul etməyib.

Lalə Əmirli bildirir ki, o məhkəmə prosesi zamanı son söz deyərkən bəraət istəyib.

AXCP Faiq Əmirlinin həbsini siyasi motivli adlandırır.

Faiq Əmirlinin saxlanılması ilə əlaqədar ötən ilin sentyabrın 6-dan "Azadlıq" qəzetinin çapı dayanıb. Buna səbəb qurumun maliyyə əməliyyatlarını apara bilməsi üçün notarial kontorun Faiq Əmirlini əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina etməsidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş