"Rabitə işi"ndə hökm oxunub

Baku Fotonun müəllifi Getty Images

Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalova hökm oxuyaraq onu 13 il müddətinə azadlıqdan məhrum edib.

O və onunla birlikdə mühakimə edilən doqquz nəfər "külli miqdarda mənimsəmə" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham ediliblər.

Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərdən 119 milyon 468 min manatın müştərək qaydada alınaraq, Nazirliyin hesabına keçirilməsi qərarını verib.

Məhkəmənin hökmünə əsasən Vidadi Zeynalov "vəzifəsindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla 73 milyon 590 min manat vəsaiti mənimsəyib və israf edib", APA yazıb.



Eyni hökmlə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Azərpoçt MMC-nin baş direktoru Qəmbər Bəybalayev 3 il, 3 nömrəli Rabitə Təmir Tikinti və Rabitə Mülki Tikinti MMC-lərinin direktoru Emin Məmmədov 10 il və şirkətlərin baş mühasibi Anar Mustafayev 5 il və müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, AzİnTelekom MMC-nin baş direktoru Cəlil Cəfərov, Bakı Rabitə Təmir Tikinti və Təmir Təchizat Servis MMC-lərinin direktoru Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edərək şərti cəza seçib və onları azadlığa buraxıb.

Azadlıqdan 13 il məhrum edilməsindən başqa, məhkəmə Vidadi Zeynalovun Qaradağ rayonundakı 15 hektar torpaq sahəsi və qohumlarının sahib olduğu torpaq sahələri üzərindən həbsin götürülməsi qərarını verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş