Etiraz edən güləşçilər 15 aydır əmək haqqı almadıqlarını deyirlər

Haci Eliyev Fotonun müəllifi BENJAMIN CREMEL/Getty Images

Cümə günü Bakıda Güləş Federasiyasının qarşısında etiraz nümayişi keçirən güləşçilər 15 aydır əmək haqlarını və mükafatlarını ala bilmədiklərini bildiriblər.

BBC Azərbaycancaya danışan güləşçi Hacı Əliyev deyib ki, dünya çempionatına 3 ay qalmağına baxmayaraq, şəraitsizlikdən hazırlaşa bilmirlər.

"Məşqlər gedir, amma əvvəllər çempionata 2-3 ay qalmış xarici ölkələrdə məşq edərdik, indi isə hamı pərən-pərən düşüb, idmançıların yarısı Dağıstanda, yarısı burdadır", o deyib.

Güləşçi məşq zamanı şəraitsizlikdən də gileylidir.

"Nə həkim var, nə masajçı, nə formalar var, nə vitaminlər var, nə yaxşı yemək", o izah edib.

Etiraz nümayişinə təxminən "40-50" idmançının qatıldığını deyən Hacı Əliyev bildirib ki, federasiyadan onlara heç bir cavab verilməyib.

Olimpiya çempionu Toğrul Əsgərov da etiraz edənlər arasında olub və 15 aydır əmək haqqını ala bilmədiyini təsdiqləyib.

Azərbaycan Güləş Federasiyasının Yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov BBC Azərbaycancaya güləşçilərin iddialarını nə təsdiq nə də inkar edib.

O bildirib ki, bu iddialar araşdırılır və "bir neçə günə rəhbərlik səviyyəsində açıqlama veriləcək".

Bu barədə daha geniş