Prezident qızının övladını əmizdirdiyi foto qalmaqala səbəb olub

Aliya Şaqiyeva
Image caption Aliya Şaqiyeva

Qırğızıstan prezidentinin kiçik qızının alt paltarında körpəsini əmizdirdiyi foto, əmizdirmə və seksuallıq ilə bağlı qalmaqala səbəb olub.

Aprel ayında sosial mediada şəkil paylaşan Aliyə Şaqiyeva yazıb: "Mən körpəmi istədiyi yerdə və istədiyi vaxtda əmizdirəcəm"

Hərəkətinə ədəbsiz davranış damğası vurulduqdan sonra, paylaşımı silsə də, BBC-ə eksklüziv müsahibəsində o bildirib ki, qalmaqala səbəb qadın bədənini seksuallaşdıran mədəniyyətdir.

"Mənə verilən bədən vulqar deyil. O funksionaldır və körpənin ehtiyaclarını ödəmək üçündür," o, BBC Qırğızcaya deyib.

Fotonun müəllifi Aliya Shagieva
Image caption Aliyə Şaqiyeva deyib ki, qalmaqala səbəb qadın bədənin seksuallaşdırılmasıdır

Onun hərəkətindən narazı qalan təkcə sosial media istifadəçiləri olmayıb. Valideynləri, prezident Almazbek Atambayev və xanımı Raisə də bunu bəyənməyiblər.

"Bu onların xoşuna gəlmədi. Və bu tamamilə anlaşılandır, çünki, gənc nəsillər valideynlərindən daha az mühafizəkar olur," Qırğızıstanın paytaxtı Bişkek ətrafında yerləşən evində müsahibə verən xanım Şaqiyeva deyib.

Xanım Şaqiyeva sosial medianın aktiv istifadəçisidir. Öz sənət əsərləri və özünün, həyat yoldaşı və övladının da şəkilləri daxil olmaqla tez-tez paylaşımlar edir. Onun şəkilləri adətən geniş açılan mənzərələr fonunda çəkilir.

Fotonun müəllifi Aliya Shagieva
Image caption Xanım Şaqiyevanın şəkillərinin əksəriyyəti Qırğızıstan mənzərələri fonunda çəkilir
Fotonun müəllifi Aliya Shagieva

Əmizdirmə təkrarlanan mövzudur.

"Mən körpəmi əmizdirərkən onun üçün edə bildiyim ən yaxşı şeyi etdiyimi düşünürəm. Övladımın qayğısına qalmaq və onun ehtiyaclarını ödəmək, insanların haqqımda dedikləri sözlərdən daha vacibdir," xanım Şaqiyeva deyib.


Aliyə Şaqiyeva kimdir?

Mən onunla Bişkekin kənarında yerləşən nüfuzlu bir kvartaldakı əri və oğlu ilə yaşadığı mənzilində görüşdüm.

Onun rəsm və fotoları divarları bəzəyirdi və cütlük mənə meyvə və bitki çayı təklif etdi. Bitkiləri pəncərəaltına düzülmüş dibçəklərdə görmək olurdu. Cütlük vegetariandır. Bu isə ətyeyən ölkə üçün nadir bir haldır.

Post-Sovet müsəlman cəmiyyəti haqda Aliyə Şaqiyeva tamamilə fərqli düşünür. O, kifayət qədər səmimi təsir bağışladı və məşğul valideynlərin övladı kimi uşaqlıqda hiss etdiyi tənhalığı bölüşməkdən çəkinmədi.

O, nəsillər arası boşluqdan söz açdı və valideynlərini anlamaq və güzəştə getmək üçün etdiyi cəhdlərdən danışdı.

"Anamın 'dostları' ona mənimlə bağlı ismarışlar yollayıblar," o dedi.

"İndi özüm də anayam və anamın mənim üçün çəkdiyi əziyyətləri anlaya bilirəm."

Aliyə, Daun sindromlu uşaqlar və heyvan haqları ilə bağlı kampaniyaları aktiv dəstəkləyir və heç bir siyasi ambisiyası yoxdur.

Qırğızıstan əhalisinin keçmiş iki prezidentin övladlarının siyasət və biznes meylləri ilə bağlı xatirələri az deyil. Lakin, hazırkı prezident övladlarının siyasətə qarışmayacağı vədini verib.


Fotonun müəllifi Aliya Shagieva
Image caption Aliyə Şaqiyeva rəssamlıq və fotoqrafiya ilə məşğul olur

Qırğızıstan əsasən müsəlmanlardan ibarət keçmiş Sovet ölkəsidir. Sosial olaraq mühafizəkar cəmiyyətdə, ictimaiyyət arasında uşaq əmizdirmək normal hal sayılır.

Qadınları parklar və digər ictimai yerlərdə körpələrinə süd verərkən görmək mümkündür, amma, onlar adətən sinələri üzərinə örtük atırlar.

Xanım Şaqiyeva ilk dəfə övladını əmizdirən şəkil paylaşdıqda, bəzi sosial media istifadəçiləri bu qədər intim bir anı paylaşmağı xoş qarşılamamış, bəziləri isə onu ədəbsizlikdə qınamışdı.

Bu şəkillər Qırğızıstan sərhədlərindən kənarda da diqqətə səbəb olub və Avropaya qədər bir çox ölkələrin qəzet və saytlarında dərc olunub. Əksəriyyət onun tabuları qıraraq etdiyi bu hərəkəti təqdirə layiq bilib.

Əmizdirmək sualı bir çox ölkələrdə ictimai müzakirələrə səbəb olub və olmaqda davam edir. Üç il öncə Londonun Claridges Hotelində övladını əmizdirən anadan sinəsini örtməsi istənmişdi və hadisə, Britaniyada qalmaqal yaratmışdı.

Fotonun müəllifi Reuters
Image caption May ayında Avstraliya parlamentində övladını əmizdirən keçmiş senator Larissa Waters də tarixə düşüb

BBC-n müxtəlif dilli xidmətləri Aliyə Şaqiyevadan müsahibə aldıqdan sonra, müsəlman ölkələrində əmizdirmənin müxtəlif mədəniyyətləri də üzə çıxıb.

İranlı qadınlar ictimai yerlərdə övladlarını əmizdirərkən yaşadıqları stressdən yazıblar.

"İnsanların gözü mənə dikilir, ya nə iləsə özümü örtməli, ya da uşağımı ac qoymalıyam," Tehrandan bir ana göndərib.

Bəziləri isə Tehran metrosunda yenicə yaradılan ana və körpə otaqlarını tərifləyiblər.

Image caption Tehran metro stansiyasının bir işçisi stansiyadakı ana və körpə otağının şəkilini yollayıb

Kabuldan olan əfqanıstanlı Zərifə Qafari, öz ailəsindəki hadisələri bölüşüb. O deyib ki, analar övladlarını əmizdirmək üçün başqa otaqlara keçməli olurlar.

"Onlar bunu başqalarının qarşısında edə bilməzlər. Əks halda, ailənin yaşlı üzvlərinin kəskin reaksiyası ilə üzləşirlər. Bu böyük bir problemdir, amma, yavaş-yavaş mədəniyyət dəyişir."

Naqin adlı başqa bir əfqanıstanlı qadın, baldızı ilə bazarlıqda yaşadığı hadisədən söz açıb.

"O, övladını dükanda əmizdirə bilsin deyə biz oradan bazarlıq etməli olduq. O, oturdu və üzərinə böyük bir şərf atdı."

Bir türkiyəli Facebook istifadəçisi isə bildirib ki, övladını əmizdirərkən üzərini örtməyə özü üstünlük verir.

"Mən bunu insanların gözünə soxmaq istəmirəm. Örtükdən istifadə edirəm. Döşlərə seksuallıq əlaməti kimi baxan insanların sayı hələ də çoxdur."

Toronto universitetinin qadınlar və cinsiyyət üzrə eksperti Victoria Təhmasibi belə bir tweet paylaşıb: "Kapitalist nöqteyi-nəzərindən seksuallaşdırılan qadın döşlərinə, qazanc yeri kimi baxmaq olar. İctimai yerlərdə uşaq əmizdirmək qadının döşlərini daha az seksual göstərir, buna görə də düşüncə qəbuledilməzdir."

Aliyə Şaqiyeva isə valideynlərinin narahatçılığından sonra, şəkili hesabından silib. Valideynləri bunun onun "gənc ailəsinə xələl gətirəcəyindən" nigaran olublar.

Ancaq, bu onun fikrini dəyişmədiyi kimi müzakirələri də səngitməyib.

Bu barədə daha geniş