Azərbaycan Güləş Federasiyası: "idmançılara maaş ödəmək öhdəliyimiz yoxdur"

Hacı Əliyev Fotonun müəllifi BENJAMIN CREMEL/GETTY IMAGES
Image caption Etiraz edən güləşçilər 15 aydır əmək haqqı almadıqlarını deyirlər

Azərbaycan Güləş Federasiyası güləşçilərin maddi-texniki problemlərlə üzləşdiyini etiraf etsə də, onlara maaş ödəmək barədə öhdəliyi olmadığını bildirir.

Federasiyanın rəsmi bəyanatı güləşçilərin maliyyə və maddi tələblərlə keçirdiyi etiraz aksiyasından sonra dərc olunub.

Cümə günü Bakıda Güləş Federasiyasının qarşısında nümayiş keçirən güləşçilər 15 aydır əmək haqlarını və mükafatlarını ala bilmədiklərini deyiblər.

Güləşçilər maliyyə problemi ilə yanaşı şəraitsizlikdən də şikayət ediblər.

"Nə həkim var, nə masajçı, nə formalar var, nə vitaminlər var, nə yaxşı yemək", - cümə günü etiraza qatılan güləşçi Hacı Əliyev BBC Azərbaycancaya deyib.

Bu arada Güləş Federasiyası yaydığı bəyanatında maaş vermək öhdəliyi olmadığını bildirir.

"İdmançılarla bağlı yaranmış vəziyyətə aydınlıq gətirərək bildiririk ki, ictimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur".

İdman qurumu bildirir ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında "qazanılan nailiyyətlərə görə mükafatlar" ödənilib.

Federasiya ödənişlərə aid olmayan "texniki çətinliklərin mövcudluğu" etiraf edir və onların həlli üzərində işlədiyini bildirir.

"Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdir və tezliklə aradan qaldırılacaqdır", Federasiyanın bəyanatında deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş