Yüksək rütbəli məmurun nəvəsi yol qəzasına görə həbs olunub

Nail Allahverdiyev və Mirməhəmməd İsmayılov Fotonun müəllifi Courtesy
Image caption Nail Allahverdiyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib, Mirməhəmməd İsmayılov 1 ay inzibati qaydada həbs edilib.

Azərbaycanda yüksək rütbəli məmurun nəvəsi iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinə görə 4 aylıq həbs edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, avqustun 3-də Nərimanov rayonu ərazisində qəza törətmiş "Mersedes-Gelandawagen" markalı avtomobilin sürücüsünün Nail Allahverdiyev olduğu tam təsdiq edilib.

1994-cü il təvəllüdlü Nail Allahverdiyevin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi olduğu bildirilir.

Rəsmi qurumlar bildiriblər ki, "cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir."

Prezident Əliyev məmurların uşaqlarının özbaşınalığına son qoyulması barədə xəbərdarlıqlar etsə də, yüksək rütbəli məmurun oğluna və ya nəvəsinə həbs cəzası kəsilməsi nadir hallardandır.

Fotonun müəllifi APA
Image caption Media qəzanın Heydər Əliyev prospektində baş verdiyini yazır.

Bir ay müddətinə inzibati həbs edilən Mirməhəmməd İsmayılov yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri etməkdə ittiham edilib.

"Maqa" ləqəbi ilə tanınan 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov isə Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur, media yazır.

Rəsmi bəyanatda həmçinin qeyd olunur ki, "...tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq Dövlət Başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir".

Fotonun müəllifi APA

Hadisəyə görə Cinayət Məcəlləsinin "yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi açılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş