Türkmənistan prezidenti Bakıda: qarşılıqlı əməkdaşlıq sənədləri imzalanıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə prezident İlham Əliyev Fotonun müəllifi President.az

Bakıda rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdən sonra Strateji tərəfdaşlıq haqqında Bəyannamə də daxil olmaqla, qarşılıqlı əməkdaşlığa sənədlər imzalanıb.

Bu sənədlər, vergi orqanları, turizm, dəniz ticarət gəmiçiliyi, DİN, baytarlıq, müəlliflik hüququ və əlaqəli hüquqların qorunması, mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, ətraf mühitin mühafizəsi, mədəniyyət və energetika sahələrinə aid olub.

Bundan başqa, Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili haqqında Sazişə əlavə və dəyişikliklər də edilib.

Bu, cənab Berdiməhəmmədovun Azərbaycana üçüncü, rəsmi isə ikinci səfəridir.

Azərbaycan mediası bundan əvvəl yazıb ki, prezidentlər enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizi ilə yük və sərnişin daşınması, Xəzər dənizinin rəsmi statusu və eləcə də Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya nəqli barədə müzakirələr aparacaq.

Hərçənd ki, təhlilçilər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya ötürülməsi barədə məlumatları o qədər də inandırıcı hesab etmir.

Enerji üzrə təhlilçi İlham Şaban BBC Azərbaycancaya bildirib ki, bu, ciddi məsələ olsa da, mürəkkəb səviyyədədir:

"2015-ci ildən qazın qiyməti aşağı düşməkdə davam edir və BP-nin proqnozlarına görə bu, 2025-ci ilədək belə davam edəcək. Dünyanın ən böyük qaz bazarında, Avropada qiymət ucuz olacaqsa, Türkmənistan qazının Avropaya aparılması baha olar."

Cənab Şaban onu da qeyd edir ki, Türkmənistanın qaz yataqları ölkənin şərqində yerləşdiyindən onun Sanqaçal terminalına çatdırılması ən yaxşı halda 5000 kilometrlik nəqliyyat xərcləri tələb edəcək.

"Qazı hansı qiymətə satmalıdırlar ki, mayasını ödəsin?" deyə sual edən təhlilçi qaz nəqli barədə iddiaların iqtisadi baxımdan qeyri-rentabelli olduğunu qeyd edir.

Azərbaycan və Türkmənistan arasında münasibətlər 1992-ci ildən mövcuddur.

Bu barədə daha geniş