İlham Əliyev Türkmənistan prezidentilə görüşdə niyə qazdan danışmadı?

Qurbanqulu Berdıməhəmmədov və İlham Əliyev Fotonun müəllifi president.az
Image caption Çərşənbə axşamı günü Qurbanqulu Berdıməhəmmədov və İlham Əliyev arasında təkbətək görüş keçirilib.

Çərşənbə axşamı günü Türkmənistan prezidentinin Bakıya səfəri Transxəzər qaz kəməri layihəsi barədə məsələni yenidən gündəmə gətirib.

Xəzər dənizi üzərindən Qərb istiqamətində kəmərin çəkilməsilə bağlı planlar Rusiya və İranın etirazı ilə üzləşir. Kreml dəfələrlə bildirib ki, bu cür layihə iki Xəzəryanı dövlət arasında çəkilsə də, onun inşası və istismarının fəsadları bütün Xəzəryanı dövlətlərə öz təsirini göstərə bilər.

ABŞ və Avropada hesab edirlər ki, Transxəzər qaz kəmərinin reallaşması Türkmənistan və Azərbaycanın razılığı əsasında həll olunmalıdır.

Lakin görəsən Türkmənistanla Azərbaycanın bu barədə fikirləri üst-üstə düşürmü?

İlham Əliyev niyə "qaz" demədi?

Cənab Berdimuhammedov Bakıda ikən, çərşənbə axşamı iki ölkə arasında"energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında" anlaşma memorandumu imzalanıb.

Onun özü təkbətək görüşdə energetika sahəsində əməkdaşlıqdan danışsa da, azərbaycanlı həmkarı İlham Əliyev bu barədə bir kəlmə də deməyib.

Britaniyada mənzillənən Energy İntelligence araşdırma mərkəzinin təhlilçisi hesab edir ki, bu, Türkmənistan və Azərbaycanın qazın nəqlilə bağlı mövqelərinin üst-üstə düşməməsindən xəbər verir.

Paul Sampson deyir ki, qazın ucuzlaşmasından sonra maliyyəyə ehtiyacı olan Türkmənistan ixracı artırmaqda maraqlıdır, Azərbaycan isə türkmən qazını özünə rəqib görür.

"Bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur", - president.az saytında Qurbanqulu Berdıməhəmmədovun sözləri iqtibas olunur.

"Alıcının vaxtı"

"Türkmənistan uzunmüddətli saziş üzrə Çinə 60 milyard tonadək qaz ixrac edə bilər. Hazırkı həcmlər bundan azdır. O, Rusiyaya qaz satmır. İrana da çox ixrac etmir. Türkmənistan tələbat baxımından bir qədər ilişib qalıb. Belə şəraitdə Berdıməhəmmədovun tək çıxışı Bakıya yollanmaq idi".

Təhlilçinin sözlərinə görə, Türkmənistanın Avropaya qaz ixracını artırmaq istəyinə Azərbaycanda, yumşaq deyilsə, çox ehtiyatlı yanaşırlar.

"Dünya bazarlarında satıcının yox, alıcının vaxtıdır. Azərbaycanlılar Avropaya öz qazı ilə yanaşı nəql ediləcək rəqib türkmən qazında maraqlı deyil", - BBC Azərbaycancaya danışan britaniyalı ekspert bildirir.

Enerji üzrə təhlilçi İlham Şaban hesab edir ki, hazırda Azərbaycan üçün Türkmənistandan qaz tranziti prioritet təşkil etmir.

Onun sözlərinə görə buna iki səbəb var: Birincisi Bakıda hesab edirlər ki, Xəzərin həll olunmamış statusu ilə bağlı Rusiya və İranın müqaviməti bu layihənin reallaşmasına ciddi siyasi risk yaradır.

İkinci isə, 2015-ci ildən bəri qazın ucuzlaşması şəraitində Türkmənistan qazının qərb istiqamətində nəqli iqtisadi baxımdan daha az sərfəli görünür.

"Avropada qiymət ucuz olacaqsa, Türkmənistan qazının Avropaya aparılması baha olar", - BBC Azərbaycancaya danışan İlham Şaban deyir.

"Bakıda belə bir məntiq mövcuddur: Biz hazırda Avropaya Şahdəniz qazının ixracını təşkil edirik. Qərb isə enerji mənbələrinin müxtəlifləşdirilməsi, idxalın genişləndirilməsində maraqlıdırsa bu istiqamətdə öz səylərini artırmalıdır".

Türkmənistan neftinin tranziti

O, hesab edir ki, İran və Rusiyanın müqavimətilə üzləşəcək Transxəzər ixrac kəmərinin mümkün reallaşmasına skeptik yanaşan Bakı hazırda Türkmənistan neftinin ixracına maraq göstərir.

Təhlilçi qeyd edir ki, bu ilin ilk 6 ayında Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə 3 milyon tondan artıq türkmən nefti ixrac olunub.

İlham Şabanın sözlərinə görə Azərbaycan həmçinin Türkmənistana neft avadanlığı ixracını artırmaqda maraqlıdır. O, Türkmənistana təxminən 50 milyon dollar dəyərində boruların satıldığını qeyd edir.

Aşqabatın rəsmi strategiyası enerji ixracı ilə bağlı 5 marşrutu nəzərdə tutur ki, onlardan biri də Transxəzər boru kəməridir.

Türkmənistanın dəyərləndirmələrinə görə şərti yanacağın ümumi potensial ehtiyatları 70 milyard tondan artıqdır. Onun 70 faizi təbii qazın payına düşür.

Bu barədə daha geniş