Sahil metrosunun 10 ay müddətinə təmirə dayandırılması 27 min insana təsir edəcək

Sahil metrosu Fotonun müəllifi Bakı Metropoliteni
Image caption Bakı Metropoliteni sərnişinlərdən "İçərişəhər" və "28 May" stansiyalarından istifadə etməyi məsləhət görüb.

Bakının ən çox istifadə edilən metro stansiyalarından biri olan Sahil stansiyasında eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılacaq.

Nəticədə, on minlərlə sərinişin avqustun 20-dən təxminən 2018-ci ilin iyun ayının sonlarınadək stansiyadan istifadə edə bilməyəcək.

Bakı Metropoliteninin sözçüsü Nəsimi Paşayev BBC Azərbaycancaya bildirib ki, Sahil metrosunun sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min olur.

"Bakı Metropoliteni" bildirib ki, 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünun və avadanlıqların yenilənməsi də nəzərdə tutulub.

50 yaşlı Sahil metrosunda hazırkı "LT-3" tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli dörd eskalatoru quraşdırılacaq.

Qatarların dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcəyi müddətdə Bakı Metropoliteni sərnişinlərdən "İçərişəhər" və "28 May" stansiyalarından istifadə etməyi məsləhət görüb.

Ümumilikdə, qışda 700 min, yayda isə azı 450 min sərnişin Bakı metrosundan istifadə edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş