“Yoxsul kişilər subay qalır" - araşdırma

IFS çalışması Fotonun müəllifi CHRISTOPHER FURLONG
Image caption IFS zəngin və yoxsullar arasında uçurumun dərinləşdiyini bildirir.

Britaniyada aparılan bir araşdırmaya əsasən yoxsul ailələrdən olan kişilərin 40 yaşlarına qədər subay qalma ehtimalı, zəngin ailələrdən olanlara nisbətən 2 dəfə artıqdır.

Maliyyə Araşdırmalar İnstitutunun (İFS) apardığı tədqiqat nəticəsində aşağı gəlirli kişilərin elə aşağı gəlirli qadınlarla evləndiyi məlum olub.

Araşdırmaya görə, bu ictimai hərəkətliliyi azaldan və yoxsulluğu nəsildən nəsilə ötürən bir amildir.

İctimai hərəkətlilik cəmiyyətdə təbəqələri dəyişə bilmək imkanıdır.

IFS-ın hesabatı 1970-ci il təvəllüdlü və həyatları boyunca müşahidə olunan insanlara dair araşdırma nəticələrinə söykənir.

Araşdırma 2012-ci ildə 42 yaşında olan kişilərin üçdə birindən çoxunun həyat yoldaşı olmadığını müəyyən edib.

Daha yüksək gəlirli kişilərdə bu rəqəm yeddidə birə bərabərdir.

Araşdırma yoxsul kişilər arasında evlənmə nisbətinin aşağı olduğunu göstərir.

Bu arada boşanmaların sayı daha yüksək olub.

İmkanlı ailələrdəki qadınların qazancı yoxsul kişilərin xanımları ilə müqayisədə 70 faiz artıqdır, cütlərin maliyyə durumunu araşdıran hesabat bildirir.

"Bərabərsizliklər" vaxt keçdikcə daha da artır

Yuxarı gəlirli ailədəki kişilərin iş sahibi olması, evlənməsi və onların həyat yoldaşlarının daha az gəlirli ailəyə mənsub xanımlardan artıq pul qazanması ehtimalı çox yüksəkdir, IFS iqtisadçısı Chris Belfield deyir.

Onun sözlərinə görə bütün bu bərabərsizliklər vaxt keçdikcə daha da dərinləşir.

Yoxsul kişilərin subay qalmaq və ya boşanmaq nisbəti də çox daha yuxarıdır.

Təbəqədən təbəqəyə keçmək imkanı azalır

IFS diqqəti zəngin ana və atası olanların daha yüksək qazanc əldə etdiyinə yönəldir.

2012-ci ildə verilən məlumatlara görə, valideynləri zəngin təbəqəyə məxsus olan 42 yaşındakı kişilər orta hesabla, yoxsul ailələrdən 88 faiz daha çox qazanır.

2000-ci ildə bu rəqəm 47 faiz təşkil edirdi.

IFS direktoru Paul Johnson BBC-ə müsahibəsində getdikcə ictimai hərəkətliliyin azaldığını da qeyd edir.

Johnson açıqlamasında "özünüzə bənzəyən biriylə evlənməyin ehtimalı daha böyükdür" deyir.

Bu da təbəqədən digər təbəqəyə keçmək imkanının daralmasına gətirib çıxarır.

Britaniyanın Maliyyə Nazirliyi isə gəlir bərabərsizliyini azaltmaq üçün addımlar atdığını bildirir.

Fotonun müəllifi Getty Images
Image caption Yoxsul kişilərin boşanma ehtimalı daha yüksəkdir

Əlaqəli mövzular

Bu barədə daha geniş