Turan agentliyində yoxlama sənədlərin götürülməsi ilə yekunlaşıb

Vergilər Nazirliyi Fotonun müəllifi APA

Turan agentliyi çərşənbə günü ofisində Vergilər Nazirliyi əməkdaşları tərəfindən aparılan yoxlamanın bir sıra sənədlərin surətlərinin götürülməsi ilə yekunlaşdığını bildirib. Turanın direktoru tədbiri agentliyi "neytrallaşdırmaq" cəhdi kimi dəyərləndirib.

Agentliyin məlumatına görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) nümayəndələri agentliyin ofisini saat 14:00-da tərk ediblər.

Turanın direktoru Mehman Əliyev deyib ki, növbəti seçkilərə bir il qalmış hakimiyyət Turanı aradan qaldırmaqla media məkanında tam nəzarəti ələ keçirmək istəyir.

"Bu vergilər problemi deyil. Onlara tapşırıq veriblər, sifarişdir. Müstəqil mətbuat qalmayıb. Turan axırıncı qaladır. Seçkilərə bir il qalmış onu da neytrallaşdırmaq istəyirlər".

Turanın məlumatına görə, VCİAD əməkdaşları "2014-cü ildən etibarən agentliyin maliyyə sənədlərinin, kargüzarlıqla və onlara "maraqlı" gələn jurnalistlərin şəxsi işləri ilə bağlı bir sıra digər sənədlərin surətlərini götürüblər."

Agentlik, müsahibinin şəxsi noutbukunun da götürüldüyünü bildirib.

Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb.

Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.


Həmçinin oxuyun:


BBC-ə danışan Mehman Əliyev yoxlamaların təəccüb doğurmadığını deyir.

"Biz yaranan gündən bu şəraitdə yaşayırıq. Bizə qarşı belə hallar olub. Artıq normal saymaq olar", Turan agentliyinin direktoru deyib.

O, hesab edir ki, hazırkı yoxlama yazılan qanunlarla yaşamayan ölkə üçün normal haldır.

"Yazılmayan qanunlarla yaşayırıq. Onlar da pozulur".

Ötən həftə Sərhədsiz Reportyorlar təşkilatı Turan agentliyinə qarşı araşdırmanı dayandırmağa səsləyib.

"Bu iş agentliyin iqtisadi vəziyyətinin pozulmasına yönəlib. Biz hakimiyyəti mediadakı sonuncu müstəqil səsə qarşı sistematik təzyiqləri dayandırmağa və Turana qarşı araşdırmaya son qoymağa çağırırıq", - Parisdə mənzillənən media müdafiəsi üzrə qrupun bəyanatında deyilir.

Turan 1990-cı ildə təsis olunub. O, həmin ərəfədə ölkədə yaradılan ilk müstəqil informasiya agentliklərindən biri olub.

Bu ilin yazında məhkəmənin hökmü ilə Azərbaycan ərazisində Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin saytı olan Azadlıq.info, eləcə də Azerbaycansaati.com və Turan telekanallarının yayımı dayandırılıb. Təxminən bir il öncə isə, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın ilk müstəqil televiziya kanalı ANS TV bağlanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş