Turan agentliyinə qarşı vergidən yayınma araşdırmasının müddəti artırılıb

Vergilər Nazirliyi Fotonun müəllifi APA

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Turan agentliyinin araşdırdığı fəaliyyət dövrünü 1 oktyabr 2014-cu ildən 1 avqust 2017-ci ilə qədər genişləndirib, agentlik bildirib.

Bundan başqa, Turan agentliyinin direktoru Mehman Əliyev çərşənbə günündən etibarən agentliyin bank hesabına daxil olan məbləğlərin dərhal vergilər nazirliyinə məxsus bank hesabına köçürüldüyünü deyib.

Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb.

Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Avqustun 17-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) nümayəndələri agentliyin ofisində axtarış apararaq agentliyin maliyyə sənədlərinin və bəzi jurnalistlərin işlərinin sürətlərini götürüblər, Turan bildirib.


Həmçinin oxuyun:


Mehman Əliyev həmçinin bildirib ki, əssaslar təqdim olunmadan agentliyin 37 min manat məbləğində vergidən yayındığı iddia edilir və agentliyin bank hesabından çıxarılan pullar bu məbləğin tam "ödənəcəyinə" qədər davam edəcək.

Lakin direktor həm də qeyd edib ki, bu ilin iyun ayında agentliyə qarşı 2016-cı il fəaliyyəti dövründə 5 min manat vergidən yayınma ittihamı təqdim edilmişdi. Turanın rəsmi şikayətindən sonra, bir daha yoxlama aparan vergilər nazirliyi, heç bir qanun pozuntusu aşkar etmədiyinə görə, agentliyin bank hesabından götürülən pulları qaytarmışdı.

Bu dəfə isə, Mehman Əliyev 2016-cı ildə agentliyin 9 min manat məbləği vergidən yayındırdığı iddia edildiyini bildirir. Bu o deməkdir ki, bir neçə ay əvvəl bu dövrü bir daha dərindən araşdıran Vergilər Nazirliyi agentliyin heç bir qanunu pozmadığı qənaətinə gəldiyinə baxmayaraq, bu dövrdə agentliyin iki dəfə daha böyük məbləği verqidən yayındırdığını iddia edir.

Agentliyin vəkili Fuad Ağayev Vergilər Nazirliyinin qərarının əsassız olduğunu deyib.

O, deyib ki, qanunveriliciyin tələblərinə əsasən, yalnız son üç ilə aid vergilər hesablana, maliyyə cəzaları tətbiq edilə bilər.

Eyni vaxtda bir neçə beynəlxalq təşkilatlar Turan agentliyini müdafiə edib.

Human Rights Watch (HRW) insan hüquqları təşkilatı Turan agentliyinə qarşı iddiaları "tənqidi mediaya qarşı növbəti vəhşi hücum" adlandırıb.

"Saxta vergi ittihamları ilə tənqidi jurnalistləri həbs etmək Azərbaycan üçün yeni bir şey deyil", HRW-in cənubi qafqaz üzrə direktoru Giorgi Gogia Fransanın AFP agentliyinə deyib.

Jurnalistlərin Müdafiəsi Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbəri Nina Oqnyanova isə deyib ki, "Azərbaycan hökuməti müstəqil və tənqidi jurnalistləri susdurmaq üçün siyasi motivli cinayət ittihamlarından dəfələrlə istifadə edib".

"Biz Azərbaycan hökumətini Turan xəbər agentliyinə qarşı bütün siyasi motivli ittihamları ləğv etməyə və müstəqil jurnalistləri hüquqi təyziqlərlə qorxutmamağa çağırırıq", xanım Oqnyanova deyib.

Mehman Hüseynov beynəlxalq media təşkilatları, xəbər agentlikləri və hüquq müdafiə təşkilatlarının dəstəyinə görə minnətdar olduğunu və çətin də olsa, Azərbaycanda müsbət nəticə göstərməsinə imkanı olduğunu deyib.

O, xarici xəbər mənbələrinin Turanın məlumatına güvəndiyini və bu onlar üçün müstəqil xəbər əldə etmək üçün ən mühüm mənbələrdən biri olduğunu bildirib.

Bu barədə daha geniş