Avtobus sürücüsünə "silah çəkmiş" şəxsə xuliqanlıq, dələduzluq və narkotik maddələr üzrə cinayət işi açılıb

Bu görüntüdə ayaqüstə olan şəxsin əlində silah var Fotonun müəllifi Youtube/APA
Image caption Media sürücünün Şamaxı rayon sakini Gülağa Xudaverdiyev olduğunu yazıb.

Bakıda avtobus sürücüsünə "silah çəkən" şəxs saxlanılıb, Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya təsdiqləyib.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun 22 avqustda açıqladığı birgə məlumatda bildirilir ki, avqustun 16-da saat 22 radələrində Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Orxan Orucov 85 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsünə odlu silaha bənzər əşya ilə hədə-qorxu gələrək hadisə yerindən uzaqlaşıb.

Rəsmi məlumatda insidentə səbəb kimi, sürücünün avtobusu onun işarəsi ilə saxlanılmamasının səbəb olduğu deyilir.

BBC Azərbaycanca müxbirinin izlədiyi sosial şəbəkələrdə yayılan görüntülərdəki söhbətə görə, həmin şəxs belindən silaha oxşar qurğu çıxararaq "Dağıdaram buranı, heç kim də mənə heç nə edə bilməz" deyir və sonra həmin qurğunu belinə qoyur.

Kişi avtobusdan enməzdən öncə "hörmətli olun, diqqətli olun" deyib.

Həmin şəxs barəsində "xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə" maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda deyilir ki, Orucov şübhəli şəxs qismində saxlanılarkən üzərindən bir ədəd pnevmatik tapança və 7 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Rəsmi orqanlar onu da bildirib ki, istintaqın gedişində Orucovun Elnur Məmmədov adlı bir şəxsə oğlunu həbsdən azad etdirəcəyini vəd verərək ondan 16 min 500 manat pul aldığı məlum olub.

Bu iki məsələ ilə bağlı Orucov barəsində həmçinin "dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə" və "satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə" maddələri ilə də cinayət işi açılıb.

Əlaqəli mövzular