Pirşağının zibil qayğıları

Pirşağı

Pirşağı qəsəbəsinin sakinləri İcra Hakimiyyəti tərəfindən zibilin yığışdırılmamasından narazıdır.

Zibil daim yığılmamış qalır, zibil qutuları çatmır. Adamlar zibili yandırmağa məcbur olurlar, bu isə qanunsuzdur. Qəsəbə sakinlərinin fikrincə, yolların xarab olması zibil maşınlarının keçməsini çətinləşdirir.

İsti yay günündə Pirşağı qəsəbəsinə gələndə, gördüm ki, toz dolu yolun qırağında tənha, yanları əzik zibil qutusu durub. İki saatdan sonra qutu yoxa çıxdı, zibil isə yerə atılırdı.

Pirşağı qəsəbəsi Bakının mərkəzindən 34 kilometr məsafədədir. Şəhərə yaxın olan yollar hamardır, asfaltla örtülüb, bağ evlərinə yaxınlaşdıqca kələkötürlər çoxalır, avtobus darısqal küçələrdən güclə keçir. Burada həm mövsümü bağbanlar, həm də il boyu yaşayan sakinlər var.

Daş divarların, darvazaların üzərində xəbərdarlıqlar yazılıb: "Bura zibil atma!", "Zibil atanın ölüsünə lənət"...

Pirşağı bağları yaşayış massivinin sakinləri zibilin mütəmadi yığışdırılmamasından şikayətlənir. Tələblərdən sonra İcra Hakimiyyəti zibil qutularını quraşdırsa da, qutuların qiymətini ödəməyi sakinlərin üzərinə qoyub.

Qəsəbə sakini Qudsiya Hacıyeva danışır: "Bizdə zibil yeşikləri uzun sürən xahiş, bələdiyyəyə tələblərdən sonra quraşdırılır. Yollar bərbad vəziyyətdədir, qışda gölməçə, palçıq olur. İcra Hakimiyyəti də səbəb tapır ki, bu yollardan maşın keçməz. Bağımda zibili basdıra bilmərəm, yandırsan da, cərimə ödəməlisən. İndi mən nə edim, yeməliyəm bu zibili?"

Bağçı Leyla Süleymanovanın sözlərinə görə, əvvəllər qəsəbədə köhnə karyer var idi, zibil ora atılırdı.

"Dəhşət antisanitariya var idi, milçəklər zibilin üstünə qonurdu", - o deyir. "Sonra karyeri yığışdırdılar, adamlar əziyyət çəkməyə başladılar. Zibil atmağa yer qalmadı. Sakinlər zibili yandırmağa, basdırmağa məcbur oldular. Axşamlar qəsəbəni tüstü bürüyürdü, yollara isə yenidən zibillər səpələndi".

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Pirşağı sakinləri hazırki vəziyyətdən narazıdırlar

Yoxa çıxan zibil qutuları

Az müddətdən sonra İcra hakimiyyəti hər küçəyə iki zibil qutusu quraşdırıb. Amma çox vaxt keçməmiş qutular yoxa çıxıb.

Beləliklə də, qəsəbə sakinlərinin zibil atılması problemləri yenidən başladı.

"Biz növbəti dəfə bələdiyyəyə müraciət etdik, bizə artıq hazır, bizim adımızdan yazılmış ərizəni imzalamaq təklif etdilər. O ərizə ilə biz, guya ki, bələdiyyədən yenə öz hesabımıza zibil qutularını quraşdırmağı xahiş edirik. Bir qutunun qiyməti 120 manatdır. - Leyla Süleymanova deyir, - baxmayaraq ki, özüm bağa ildə cəmi bir neçə dəfə gəlirəm, amma ərizəni imzalamağa razı oldum və pulu ödədim".

Bələdiyyə idarəsindən və İcra Hakimiyyətindən iddialara cavab almaq hələ ki, mümkün olmayıb.

Pirşağılı Məmmədəli müəllim deyir : "Buranın yiyəsi yoxdur, ona görə belə vəziyyətdəyik. Qayda-qanuna baxan yoxdur. Zibil hər yerə tökülür, yollar pis vəziyyətdədir. Qəsəbəyə bir qutu qoyurlar, o da tez dolur, zibil yerə tökülür".

Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əsasən, zibilin yandırılması atmosferə zərərli maddələrin atılması hesab olunur və fiziki şəxslər üçün 7 manatdan 700 manatadək cərimə tətbiq oluna bilər.

Zibilin yığışdırılmasına görə JEK (Mənzil -istismar idarəsi) hər ay hər ailə üzvündən 30 qəpik ödəniş toplayır.

Amma Pirşağı bağları yaşayış massivinin sakini Qüdsiyyə Hacıyeva deyir : "Kommunal xidmətin işçiləri gəlir, beş - altı manat pul alırlar, guya ki, gələn ayları da nəzərə alırlar, amma növbəti ay gəlib yenə pul tələb edirlər. Mən təqaüdçüyəm, burada daimi yaşayıram, mən hər ay zibil üçün altı manat haradan tapım?"

2015 -ci ilin statistikasına görə Azərbaycanda 2,4 mln ton zibil əmələ gəlib. Bu, adambaşına 251 kiloqram edir.

İqtisadi Inkişaf Nazirliyinin 2013-cü il islahatına görə, şəhərin 7 faizi 43 zibilxanaya ayrılıb. Hər birinin sahəsi 200 kvadratmetrdir.

Balaxanı zibilxanası

80-ci illərin sonunda Bakının zibili Balaxanı zibilxanasına aparılırdı - 30 il ərzində oraya 20 milyon ton zibil yığılmışdı. Əzizbəyov rayonunda 2, Qaradağ rayonunda isə 8 zibilxana var idi.

2013-cü ildən etibarən il ərzində bütün Abşeron yarımadasında 1,2-1,4 mln ton tullantı yaranır. Onlardan yalnız 60 faiz zərərləşdirilir və yenidən emal edilir.

Zibili təyin olunmamış yerlərə atanlara 20 manat cərimə tətbiq olunur - bunu İnzibati xətalar məcəlləsi deyir.

Zibil qutularının arasındakı məsafə isə 100 metrdən artıq olmamalıdır. Amma Bakı sakinləri tez-tez əllərində və ya ciblərində zibillə gəzməyə məcbur olduqlarından şikayətlənir.

Pirşağı qəsəbəsinin sakinləri zibillə mübarizə apararkən, gənc fəallar sahilyanı çimərlikləri təmizləyirlər, sosial şəbəkələrdə "Hərəmiz çimərliyə zibil üçün paket götürək, sahili yığışdıraq" şüarlarını yayırlar.

Green Baku ekoloji gənclər hərəkatının koordinatoru Samir Qədirovun sözlərinə görə, könüllülər dəfələrlə Pirşağı və Xəzərin digər dənizkənarı sahələrini zibildən təmizləyiblər.

"Məsələn, 2015-ci ildə Novxanı çimərliyində eyni vaxtda 600 nəfər işləyirdi. Elə indi də, ildə iki dəfə - mövsümün əvvəlində - mayda və sonunda -oktyabrda biz sahilin təmizlənməsi aksiyalarını keçiririk".

Könüllülər kağızın, plastik tullantıların və paketlərin yığılması aksiyalarını da təşkil edirlər. Bütün yığılmış xammal təkrar emala göndərilir.

Amma onların özlərinin və qəsəbə sakinləri dediyi kimi, dövlətin köməyi olmadan bu aksiyalar zibil probleminin həllində az kömək edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş