Turan agentliyinin direktoru Mehman Əliyev 3 aylıq həbs edilib

Mehman Əliyev Fotonun müəllifi Turan

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Turan agentliyinin direktoru Mehman Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunur.

Sonuncu maddəyə görə o, 7 ilədək həbs edilə bilər, Turan agentliyi bildirib.

İttihamlar nədir?

Mehman Əliyev 24 avqustda "vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma" maddələri ilə bağlı iş üzrə şübhəli şəxs qismində 48 saatlıq saxlanılıb və Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayonunun polis idarəsinə gətirilib.

Gecəni polis idarəsində qalan direktora qarşı bugün üçüncü maddə - qanunsuz sahibkarlıq maddəsilə ittiham irəli sürülüb.

Mehman Əliyev saxlanıldı

24 avqustda Mehman Əliyevin vəkili, işlə tanış olmağa imkan verilmədiyini deyib.

Fuad Ağayevin sözlərinə görə, Vergilər Nazirliyinin araşdırması ilə bağlı məhkəmədən sonra Mehman Əliyevə ifadə vermək üçün idarəyə getmək təklif olunub.

"Burada ona gözlənilmədən elan ediblər ki, o artıq şübhəli statusunda nəzərdən keçirilir".

"Mənim üçün bu gözlənilməz oldu. Belə ki, məndən vəkil orderini istədilər və onun olmadığı üçün binadan çıxmağımı tələb etdilər", - BBC Azərbaycancaya danışan Fuad Ağayev deyib.

"Müdafiədə iştirak etmək üçün orderə müraciət etməliyəm. Hələlik heç bir sənədlə tanış olmaq hüququm yoxdur".

Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb.

Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş