Sərhədsiz Reportyorlar Mehman Əliyevin həbsini qınayıb

Mehman Əliyev Fotonun müəllifi TURAN
Image caption Məhkəmə 48 saat ərzində Mehman Əliyevin azad edilməsi və ya həbsi barədə qərar verməlidir

Sərhədsiz reportyorlar Təşkilatı (RSF) Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin saxta vergi ödənişindən yayınma ittihamı ilə həbsini qınayır, təşkilatın saytında bəyan edilib.

"Hakimiyyət əməkdaşlığa cəlb edə bilmədiyi üçün Turana qarşı təzyiqi artırır," RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Johann Bihr bildirib.

"Mehman Əliyev Azərbaycanda jurnalistikanın pionerlərindən biridir. Onun yeganə cinayəti ölkənin sonuncu müstəqil mediasına başçılıq etməsi olub. Biz onun dərhal azadlığa buraxılmasını və Turana qarşı bütün siyasi ittihamların geri çəkilməsini tələb edirik".

Mehman Əliyev 24 avqustda "vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma" maddələri ilə bağlı iş üzrə şübhəli şəxs qismində 48 saatlıq saxlanılıb və Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayonunun polis idarəsinə gətirilib.

Məhkəmə 48 saat ərzində onun azad edilməsi və ya həbsi barədə qərar verməlidir.

Avqustun 7-də Turan agentliyinə qarşı cinayət işi açılıb və bir gün sonra agentlikdə səyyar vergi yoxlamasına başlanılıb.

Vergilər Nazirliyi media qurumunu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınmaqda ittiham edib.

Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş