Mehman Əliyev və Turan agentliyi haqqında 5 suala cavab

Fotonun müəllifi Turan

Mehman Əliyev kimdir?

Mehman Əliyev Azərbaycanda ilk və hazırda yeganə müstəqil xəbər agentliyi, Turan agentliyinin baş direktorudur.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Turan agentliyinin direktoru Mehman Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilsə də, sentyabrın 11-də onun barəsində həbs qərarı ləğv edilib.

Avqustun 24-də "vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma" maddələri ilə bağlı iş üzrə o, şübhəli şəxs qismində 48 saatlıq saxlanılıb və sonra Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayonunun polis idarəsinə gətirilib.

Gecəni polisdə qalan Əliyev avqustun 25-də yenidən İstintaq İdarəsinə gətirilib və burada ona qarşı üçüncü - qanunsuz sahibkarlıq maddəsi ilə ittiham irəli sürülüb.

1957-ci ildə Bakıda doğulmuş Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi məzunudur.

Açıq mənbələrdə onun 1988-1989-cu illərdə "Molodyoj Azerbaycana" qəzetində müxbir, 1989-1990-cı illərdə "Azərinform" Dövlət Agentliyində müxbir, 1990-1991-ci illərdə "Xəzər" jurnalında məsul katib, 1993-cü ildə Prezident Aparatının ictimai əlaqələr sektorunun müdiri vəzifələrində çalışdığı qeyd edilir.

Turan agentliyi necə yaranıb?

Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən Turan agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən təsis olunub.

O, həmin ərəfədə ölkədə yaradılan ilk müstəqil informasiya agentliklərindən biri olub.

Etibarlı xəbər mənbəyi kimi agentliyin xəbərləri hər zaman Reuters, France Rress, BBC, CNN kimi beynəlxalq media tərəfindən geniş istifadə olunub.

Turan Agenliyi niyə fəaliyyətini dayandırır?

Fotonun müəllifi Turan

Turan agentliyi, direktor Mehman Əliyevin saxlanmasından sonra sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracağını elan edib.

Agentliyin kollektivi rəsmi saytda bildirib ki, Mehman Əliyevə qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

"Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazmımız hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək" deyən kollektiv onu da əlavə edib ki, belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi "çox çətindir".

Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

Vergilər Nazirliyi media qurumunu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınmaqda ittiham edib.

Avqustun 17-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) nümayəndələri agentliyin ofisində axtarış apararaq agentliyin maliyyə sənədlərinin və bəzi jurnalistlərin işlərinin surətlərini götürüblər, Turan bildirib.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Turan agentliyinin araşdırdığı fəaliyyət dövrünü 1 oktyabr 2014-cu ildən 1 avqust 2017-ci ilə qədər genişləndirib, agentlik bildirib.

Bundan başqa, Turan agentliyinin direktoru Mehman Əliyev çərşənbə günündən etibarən agentliyin bank hesabına daxil olan məbləğlərin dərhal vergilər nazirliyinə məxsus bank hesabına köçürüldüyünü deyib.

Direktor həm də qeyd edib ki, bu ilin iyun ayında agentliyə qarşı 2016-cı il fəaliyyəti dövründə 5 min manat vergidən yayınma ittihamı təqdim edilmişdi. Turanın rəsmi şikayətindən sonra, bir daha yoxlama aparan Nazirlik, heç bir qanun pozuntusu aşkar etmədiyinə görə, agentliyin bank hesabından götürülən pulları qaytarmışdı.

Bu dəfə isə, Mehman Əliyev 2016-cı ildə agentliyin 9 min manat məbləği vergidən yayındırdığı iddia edildiyini bildirir.

Bu o deməkdir ki, bir neçə ay əvvəl bu dövrü bir daha dərindən araşdıran Vergilər Nazirliyi agentliyin heç bir qanunu pozmadığı qənaətinə gəldiyinə baxmayaraq, bu dövrdə agentliyin iki dəfə daha böyük məbləği vergidən yayındırdığını iddia edir.

Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Yerli və beynəlxalq ictimaiyətin reaksiyası necə olub?

Bir çox beynəlxalq və yerli qurumlar, partiyalar Turan agentliyi və Mehman Əliyev ətrafında gedən qalmaqalı qınayıb.

"Hakimiyyət əməkdaşlığa cəlb edə bilmədiyi üçün Turana qarşı təzyiqi artırır" deyən Sərhədsiz Reportyorlar Təşkilatı onun dərhal azadlığa buraxılmasını və Turana qarşı bütün siyasi ittihamların geri çəkilməsini tələb edib.

Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Mehman Əliyevlə bağlı baş verənləri "siyasi motivli təzyiq" adlandırıb.

ABŞ-ın Helsinki Komissiyasının həmsədri, senator Ben Cardin‏ Twitterdə yazıb: "həddindən artıq narahatedici hadisə.. Azərbaycanlılar azad mətbuata və azad fikrə layiqdirlər".

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) isə bildirib ki, "Mehman Əliyevin saxlanılması son illərdə hökumətə qarşı tənqidi dayandırmaq üçün hakimiyyətin müstəqil media və QHT-lərə qarşı maliyyə və hüquq-mühafizə orqanlarından istifadə etdiyi oxşar ssenari üzrə baş verib."

Bəyanatda o da yazılıb ki, Mehman Əliyevin həbsinin arxasında siyasi motivlər durur və bu həbs uzun illər çətinliklərə və hakimiyyətin təzyiqlərinə baxmayaraq, əsl peşəkar və kompromisə getməyən media qurumu kimi öz qüsursuz nüfuzunu qoruyan son müstəqil KİV-in sıradan çıxarılmasına yönəlib.

Azərbaycan Mətbuat Şurası isə Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb:

"Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda "Turan"ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi", bəyanatda deyilib.

Müsavat Partiyası və Milli Şura Mehman Əliyevin həbsini qınayan bəyanatlar yayıb.

Başqa hansı media qurumu bağlanıb?

Bu ilin yazında məhkəmənin hökmü ilə Azərbaycan ərazisində Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin saytı olan Azadlıq.info, eləcə də Azerbaycansaati.com və Turan telekanallarının yayımı dayandırılıb.

Təxminən bir il öncə isə, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın ilk müstəqil televiziya kanalı ANS TV bağlanıb.

RATİ-nin məlumatına görə, hazırda Azərbaycanda 13 jurnalist, 2 bloqçu, 2 yazıçı və 2 qraffitiçi həbsdədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş