ABŞ Dövlət Departamenti Mehman Əliyevi "dərhal" azadlığa buraxmağa çağırıb

Mehman Əliyev Fotonun müəllifi Turan

Turan İnformasiya Agentliyi direktorunun həbsi ilə bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Həmin bəyanat ABŞ Dövlət Departamentinin vebsaytında, Departamentin sözçüsü Heather Nauert-in adından dərc edilib.

"Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu - Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk, - Heather Nauert-in bəyanatında deyilir. - Turan-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğurur".

Heather Nauert, ABŞ Dövlət Departamenti adından, Azərbaycan hökümətini beynəlxalq səviyyədə və ATƏT qarşısında götürülmüş öhdəliklərinə uyğun olaraq, "Mehman Əliyevi və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbs edilən digərləri dərhal azadlığa buraxmağa" çağırıb.

"Mehman Əliyevə azadlıq!" ictimai komitəsi yaradılır

Bakıda Müsavat partiyasının qərargahında təşkil edilmiş görüş iştirakçıları Turan agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunmasına səsləyiblər, Turan agentliyi xəbər verir.

Siyasi qüvvələrin nümayəndələri, vətəndaş cəmiyyəti və media təmsilçiləri Mehman Əliyevin azad olunması üçün xüsusi komitənin yaradıldığını elan ediblər.

Görüş siyasi Məhbusların Müdafiə Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Turan agentliyinə əsasən "Mehman Əliyevə azadlıq!" komitəsinin ilk toplantısı avqustun 28-də keçirilməlidir.

Mehman Əliyev 24 avqustda saxlanılıb.

O, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittiham olunur.

Mehman Əliyevin vəkili ittihamların siyasi motivli olduğunu bildirib.

Bır sıra beynəlxalq təşkilat və qurum Mehman Əliyevin həbsini azad mətbuatın təqibi kimi qəbul edərək pisləyib.

Turan agentliyi, sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracağını elan edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş