Oğuzda yanğın "söndürülüb", Qəbələdə davam edir

Qəbələdə meşə
Image caption Qəbələdə meşə

Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğının yayılmasının qarşısı alınıb və söndürmə işləri davam etdirilir, Fövqəladə Hallar Nazirliyi bildirib.

Qəbələdə yanğın 28 avqustda başlayıb və indiyədək 10 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bundan əvvəl bildirib.

"Bum meşəbəyliyində baş verən yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Əsasən əl əməyindən və FHN-nin helikopterindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın 29 avqust 2017-ci il tarixində saat 15 radələrində lokallaşdırılıb."

Oğuz rayonunun Xaçmaz meşəbəyliyi və Qəbələ rayonunun Bum meşə zolağında baş vermiş yanğınların səbəbi aydınlaşdırılır, nazirlik əlavə edib.

29 avqust səhər 8 radələrində başlamış Oğuzdakı yanğın isə elə həmin gün saat 14 radələrində "tam söndürülüb". Bu hadisə zamanı 0.5 hektar ərazidə quru ot və kol örtüyü yanıb.

Yanğınlar barədə ilk məlumatı FHN verib. Nazirlik bildirib ki, avqustun 28-də yanğın nəticəsində Qəbələnin Duruca kəndində 1 hektarlıq sahədə meşə ağacları və kol-kos yanıb. Nazirlik yanğınsöndürmə helikopterinin yardımı ilə yanğının saat 20:53-də söndürüldüyünü bildirib və əlavə edib ki, qalan ərazilərdə söndürmə işləri davam etdirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa çağırıb.

Qəbələ Bakıdan 219, Oğuz isə 268 kilometr uzaqlıqda yerləşir.

Əlaqəli mövzular