Kaspersky Lab: Azərbaycan internet virus yoluxmalarına görə 8-ci yerdədir

ransomware Fotonun müəllifi AFP

Azərbaycan bu ilin ikinci rübündə Kaspersky antivirus proqramını istifadəçilərinin ən çox yoluxma riskilə üzləşmə faizinə görə səkkizinci yerdədir, Kaspersky Lab internet təhlükəsizliyi şirkətinin araşdırma mərkəzinin hesabatında bildirilib.

Phishing (elektron müraciətlərlə məxfi məlumatları ələ keçirmək üçün etibarlı mənbədən göndərilən müraciətə bənzər üsulla həyata keçirilən hücuma verilən ad) hücumlarına gəldikdə isə, bu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri hədəflənən ölkələr arasında beşinci yerdədir.

İnternet təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev, BBC-ə müsahibəsində qeyd edib ki, bunun əsas səbəblərindən biri, internet istifadəçilərinin məlumatsız olmaları və təhlükəsizlik qaydalarına riayət etməmələridir.

O, istifadəçilərin lazımsız məlumatlar açıb oxuyaraq və bu məlumatlarla paylaşılan linkləri açaraq birbaşa virus daşıyan fayllara yoluxma təhlükəsini artırdığını deyib.

Lakin həmçinin qeyd etmək lazımdır ki, Kaspersky Lab-in hesabatlarındaki göstəricilər yalnız şirkətin anti-virus proqramları istifadəçiləri vasitəsilə toplanan məlumatlarla hesablanıb. Bu da, ölkədəki və ümumiyyətlə dünyadaki internet təhlükəsizlik mühitinə tam dəqiqliklə təsvir etməyə bilər.

İnternetdə viruslara yoluxmağın qarşısını almaq üçün Rəşad Əliyevin ilk şəxsi tövsiyəsi "müəyyən müddətdən bir kompüterlərini profliaktikadan keçirmək" və yoxlamaqdır.

O, bir nümünə kimi avtomobillərin müddətdən bir yoxlanılmasına ehtiyac olduğu kimi, kompüterlərin də eyni qaydada yoxlanılmasının vacib olduğunu düşünür.

"Anomaliyə hiss edilərsə, hökmən kompüteri yoxlamaq üçün mütəxəsissə göstərmək lazımdır", o vurğulayır.

Bu ilin mayında WannaCry adlı məşhur virus yayıldığı zaman Azərbaycanın Elektron Təhlükəsizlik Mərkəzi kompüter sistemlərinin təhlükədən qorumaq üçün bəzi məsləhətlər verib:

  • İstifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə ("patch"ın yüklənməsi və quraşdırılması) aparmaq;
  • E-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməmək;
  • Vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmaq;
  • Aktiv və antivirus bazası aktual olan anti-virusdan isitfadə etdiyinizdən əmin olmaq;
  • Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə etmək;
  • Antivirus proqram vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamaq;
  • İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək;
  • Baş verilmiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Mərkəzə müraciət etmək - (1654 Qaynar Xətt)

Əlaqəli mövzular

Bu barədə daha geniş