Mehman Əliyevin azad olunmasına dair jurnalistlərin müraciəti

Mehman Əliyev Fotonun müəllifi Turan

Turan agentliyinin direktorunun həbsindən sonra bir sıra beynəlxalq və yerli qurumlar Mehman Əliyevi azadlığa buraxmağa səsləyirlər.

Azərbaycan Prezidentinə müraciətində 4 tanınmış jurnalist bildirir ki, agentliyin direktoru istintaqa təsir göstərməyə cəhd etməyib və Mehman Əliyevi tanıyan şəxslər kimi ona zamin durmağa hazırdırlar.

25 avqustda iqtisadi xarakterli maddələr üzrə ittiham edilən Mehman Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Jurnalist ittihamları rədd edir.

Çərşənbə axşamı günü prezident İlham Əliyevə müraciət edən jurnalistlər bildirir ki, Mehman Əliyevin azadlıqda qalması istintaqın aparılmasına təsir göstərməyəcək.

''M. Əliyev 26 il ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edib. Ondan əvvəl də yalnız mediamızda yüksək peşəkarlıq nümunələri sayılan KİV-lərdə çalışıb. Digər tərəfdən, hazırda vergi orqanları tərəfindən "Turan" Agentliyinə qarşı irəli sürülmüş ittihamlar üzrə istintaq hərəkətlərinin M. Əliyev azadlıqda qalmaqla aparılmasına heç nə mane olmur".

Sənədi "Yeni Nəsil" Jurnalistlər Birliyi adından Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyi adından Elçin Şıxlı, "Jurnalistikanın inkişafına yardım Mərkəzi" adından Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu imzalayıblar.

Müraciətdə deyilir ki, media ilə bağlı böhranlı anlarda Azərbaycan dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb.

"Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız".

Bır sıra beynəlxalq təşkilat və qurumlar Mehman Əliyevin həbsini azad mətbuatın təqibi kimi qəbul edərək pisləyiblər.

"Turan İnformasiya agentliyi və mətbuat azadlığı ilə bağlı vəziyyətdən dərindən narahatıq", - Norveç XİN-i Twitter vasitəsilə bildirib.

Bundan əvvəl Almaniya, Fransa, ABŞ və Böyük Britaniya da hadisə ilə bağlı narahatlıq ifadə edib.

Bazar ertəsi Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, Turan informasiya agentliyinə "qarşı açılan cinayət işindən və agentliyin direktoru Mehman Əliyevin məhkəməyədək həbsindən narahatdır".

Britaniya XİN-i Azərbaycan hakimiyyətini Mehman Əliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi üzrə öhdəliklərinə əməl etməyə çağırır.

Turan agentliyinin direktoru avqustun 24-də saxlanılıb.

Növbəti gün səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Mehman Əliyev ittihamları rədd edir.

Turan, sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracağını elan edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş