Vasif Talıbov naxçıvanlılara bu kitabları oxumağı məsləhət bildi

Vasif Talıbov Fotonun müəllifi www.meclis.gov.az
Image caption Vasif Talıbov

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun "Oxunması zəruri olan kitablar haqqında" imzaladığı sərəncam sosial mediada müxtəlif reaksiyalara səbəb olub.

"Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilsin", Cənab Talıbovun sərəncamında deyilir.

Sərəncam sosial media istifadəçilərinin əsas istehza və tənqidi şərhlərinə səbəb olub.

"Ardınca yəqin oxunması məsləhət olmayan kitabların siyahısı təsdiqlənər. Ardınca o kitabların yandırılması kampaniyası başlayar, o kitabların müəllifləri həbs edilər…", müxalif Müsavat partiyasının sədri Arif Hacılı özünün Facebook hesabında yazıb.

ReAl hərəkatının icraçı katibi Natiq Cavadlı isə sərəncamı "əla addım" adlandıraraq yazıb, "siyahıda çox gözəl kitablar var, təklif edirəm ki, bu qərar bütün ölkə əhalisinə aid edilsin… oxumayanlar cəzalandırılsınlar!"

"Əgər vətəndaşlar bu kitabların bəzilərini oxuyub mənimsəyə bilsələr, ölkədə nə Vasif müəllim kimiləri vəzifələrdə, nə də belə bir absurd sistem ayaqda qala bilər…", siyasətçi daha sonra əlavə edib.

"Türkmənistanla münasibətləri inkişaf etdirmək açısından bu siyahıya "Ruhnamə" əsəri də əlavə edilsin. Həmçinin, Leonid İliç Brejnevin Azərbaycana göstərdiyi atalıq qayğısına görə "Kiçik torpaq" kitabı da siyahıda əksini tapsın…" Abdullayev Farman Facebook-da yazıb.

Kamran Taghizade adlı Facebook istifadəçisi isə sərəncamı müsbət dəyərləndirib. "Bəziləri qəsdən bunu böyüdür, guya zorla oxutdurulacaq. Söhbət kitabxanalardan gedir", istifadəçi yazıb.

Fotonun müəllifi Hulton Archive
Image caption Siyahıya Niccolo Machiavelli-nin "Hökmdar" əsəri də daxildir

Bəzi sosial media istifadəçiləri isə siyahıdakı kitabların arasında "maraqlı əsərlərin" olduğunu yazıblar.

"Vasif Talıbov əmr imzalayıb, 30 kitabdan ibarət siyahı yazıb ki, hər bir naxçıvanlı oxumalıdır. Əjdaha əsərlər də var aralarında", @zaurs tvit edib.

Naxçıvan liderinin sərəncamı ilə "zəruri" bilinən kitablar arasında həm yerli, həm də xarici ədəbiyyatdan nümunələr var.

Siyahıda "Kitabi Dədə Qorqud" dastanı, Cəlil Məmmədquluzadənin "Hekayələri", Şəhriyarın "Heydər babaya salam" poeması, Faruk Sumerin "Oğuzlar", Niccolo Machiavelli-nin "Hökmdar", Nikolay Ostrovskinin "Polad necə bərkidi" romanı, "Mr Hempher-in xatirələri" və digər əsərlər yer alıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş