Azərbaycanın 2.8 milyard dollarlıq "camaşırxana" fonduna dair iddialar nədir?

Aliyev and family Fotonun müəllifi Getty Images
Image caption Hesabatda fond ilə Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvləri arasındakı əlaqəni göstərən dəlillərin mövcud olduğu iddia edilir

Azərbaycanın hakim elitası 2.8 milyard dolları gizli şəkildə avropalı siyasətçilərə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə edib, bir araşdırmada deyilir.

Deyilənlərə görə, pul BK-da yerləşən qeyri-şəffaf şirkətlər vasitəsilə ötürülüb.

Pulu əldə edən insanlar arasında hökumətə qarşı rəğbət nümayiş etdirən avropalı siyasətçilərin də olduğu deyilir.

Onların heç də hamısı pulun mənbəyi haqqında məlumatlı olmayıblar, hesabatda bildirilir.

"Azərbaycan Camaşırxanası" (Azerbaijani Laundromat) adlı gizli fond ilə bağlı araşdırma, Avropa qəzetləri konsorsiumu tərəfindən aparılıb və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc edilib.

Hesabatda fond ilə Azərbaycan prezidenti İlham Əliyev arasındakı əlaqəni göstərən dəlillər olduğunu iddia edilir.

Prezident Əliyev isə iddiaları rədd edib.

Prezident administrasiyası çərşənbə axşamı günü verdiyi bəyanatda deyib ki, "nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır".

Bəyanat həmçinin OCCRP-ya dəstək verən Açıq Cəmiyyət İnstitutun təsisçisi maliyyəçi George Soros-u "saxtakar" və "fırıldaqçı" adlandıraraq onun "çirkin əməlləri çox ciddi şəkildə araşdırılma"sını tələb edib.


Həmçinin oxuyun:


Azerbaijani Laundromat-da kimlər var?

OCCRP-yə əsasən, Azərbaycanın hakim elitası pulun mənbəyini gizlətmək üçün sahibləri bilinməyən "shell" və ya qabıq şirkətlərdən istifadə edərək məbləği ötürüb.

Onların maraqlarına xidmət edən insanlara pulu ödəmək üçün bu üsuldan istifadə olunduğu iddia edilir.

Azerbaijani Laundromat 2012 və 2014-cü illər arasında fəaliyyət göstərib, OCCRP deyir.

Pul, ikisi İngiltərədə və ikisi Şotlandiyada yerləşən Birləşmiş Krallıq (BK) şirkətləri vasitəsilə ötürülüb. Hesabata əsasən, həmin şirkətlər artıq bağlanıb.

BK şirkətləri tərəfindən idarə olunan məbləğ, Almaniya, Fransa, Türkiyə, İran və Qazaxıstan daxil olmaqla müxtəlif ölkələrə ötürülüb.

Ödəmələr bəzən təkrarlanıb, hesabatda əlavə olunub.

Pul haradan gəlib?

Pulun mənbəyi aydın olmasa da, hesabat iddia edir ki, "onun prezident İlham Əliyevin ailəsi ilə əlaqəsi ilə bağlı bir çox dəlil" mövcuddur.

OCCRP hesabatında göstərilir ki, pul Azərbaycan və Rusiya hakim çevrələrindən qaynaqlanıb.

Məbləğin bir hissəsi isə Azərbaycan hakimiyyətindən gəlib, hesabatda deyilir.


Tolerantsızlığın tarixi

Rayhan Demetrie, BBC News

2012-ci ildə Berlində yerləşən think-tank Avropa Stabillik Təşəbbüsü (European Stability Initiative ) "Kürü Diplomatiyası. Azərbaycanlılar Avropa Şurasını necə susdurublar" adlı hesabat dərc etmişdi.

Burada azərbaycanlı rəsmilərin Şura üzvlərinin "ürəyini" qazanmaq üçün onlara ipək xalçalar, elektron əşyalar, qara kürü və pul hədiyyə edib və Azərbaycanı dəstəkləməyə çağırıdıqları iddia edilib.

2010 və 2013-cü ildə Azərbaycanda saxtakarlıqla keçirildiyi iddia edilən parlament və prezident seçkiləri Avropa Şurası Parlament Assambleyası üzvləri tərəfindən yüksək qiymətləndirilmişdi.

2013-cü ildə AŞPA üzvləri Azərbaycan insan haqları tənqidini səs verməyərək rədd etmişdi. Neft və kürü ilə zəngin Azərbaycan dünyanın ən avtoritar ölkələrindən biridir. Burada dissidentlərə qarşı tolerantlıq yoxdur və höküməti tənqid edənlər ya həbs olunur, ya da ölkədən getmək məcburiyyəti qarşısında qalır.


Ölkənin Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin fonda 9 milyon dollar ödədiyi bildirilir.

OCCRP-yə əsasən, Rusiyanın silah ixracat agentliyi Rosoboronexport 29 milyon dollar ödəyib.

Lakin, məbləğin təxminən yarısı olan 1.4 milyard dollar Bakıda yerləşən özəl şirkət Baktelekom MMC-dən gəlib. Bu şirkətin böyük mobil telefon şirkəti Baktelecom ilə heç bir əlaqəsi yoxdur.

Adətən BK qeydiyyatında olan "hüquqi direktorlar və səhmdarlı etibarnamə ilə təyind edilən" ofşor şirkətlərin də pul ödədiyi iddia olunur.

Pul haraya gedib?

Pulun böyük hissəsi deyilənlərə görə, avropalı siyasətçilər, lobbiçilər, jurnalistlər və biznesmenlərə ödənib.

Fondun fəaliyyətə olduğu iddia edilən dövrdə, Azərbaycan sistematik korrupsiya, seçki saxtakarlığı, müxalif siyasətçilər, insan haqları fəalları və jurnalistləri həbs etməkdə təqsirləndirilib.

OCCRP hesabatı deyir ki, pul ilə "sükut satın alınıb".

Fotonun müəllifi Getty Images
Image caption Azərbaycanın Baş Nazirinin Birinci Müavini Yaqub Eyyubov-da fonddan faydalandığı iddia edilir

Pulu alanlar arasında Azərbaycan baş naziri müavini Yaqub Eyyubovun ailəsinin də adı çəkilir. Onlarla bərabər, ölkədə korrupsiyanı idarə edən lobbiçilər və əczaçı şirkətləri kimi bizneslərlə əlaqəsi olan parlament üzvlərinin də adı keçir.

Cənab Eyyubov hələ ki, iddialara dair münasibətini bildirməyib.

Hesabatda həmçinin deyilir ki, fond paytaxt Bakıda siyasi elita tərəfindən xaricdə yaşayan ailə üzvləri üçün bahalı əşyalar və özəl təhsili əldə etmək üçün istifadə olunub.

Hesabata əsasən, mediaya "13 mindən çox" bank əməliyyatı ilə bağlı xəbər sızıb.

Burada milyonlara dolların şirkət və ya özəl hesablardan dünya boyunca dəbdəbəli avtomobil şirkətləri, futbol klubları, səyahət agentlikləri və xəstəxanalara xərcləndiyi göstərilir.

Kimlərin adı çəkilir?

Avropanın aparıcı banklarından biri olan Danimarkanın Danske Bankı, Estoniyadakı filialı vasitəsilə məbləğləri şirkətlərə yatırıb. Bank şübhəli əməliyyatları sezmək üçün əlindən gələni etmədiyini etiraf edib.

Hakimiyyəti tərifləyən ən azı üç avropalı siyasətçi, bir jurnalist və bir sıra biznesmenlərin Azerbaijani Laundromat pulunu əldə edənlər arasında olduğu deyilir.

BK-da yerləşən dörd şirkətin isə Britaniya Virgin Adaları, Seyşellər və Belize-də anonim vergi müəssisələri ilə əlaqəsi olduğu iddia edilir.

OCCRP hesabatına əsasən, sözügedən şirkətlər bunlardır: Glasgow-da qurulan Polux Managment və Hilux Services, Birmingham-da yerləşən Metastar Invest, Hertfordshire-in Pottes Bar ərazisində yerləşən LCM Alliance.

Araşdırmada göstərilir ki, ödəmələr BK-dakı bir neçə gizli şirkətə edildiyi üçün fond bilinəndən daha geniş ola bilər.

Uğurlu alınıbmı?

OCCRP-yə əsasən, layihə uğurlu görünə bilər. 2013-cü ildə Azərbaycana qarşı tənqid hesabatı ilə bağlı səsvermədə Avropa Şurası Parlament Assambleyasının əleyhinə səs verməsini misal çəkmək olar.

Səsvermə üzərində hazırda araşdırma aparılır və hesabatın ilin sonuna qədər veriləcəyi gözlənilir.

Bu barədə daha geniş