Şamaxı: 100 hektar torpağı olan fermerin "bütün ərazisi əlindən alınıb"

Əbilcan İsmayılov

Şamaxıda vaxtilə 100 hektarlıq otlaq ərazisi olan Əbilcan İsmayılov indi bu torpaqlarını itirdiyini deyir.

Onun sözlərinə görə, əlində olan son 20 hektar ərazi ötən həftənin ortaları "şumlanıb".

"Traktorun qabağına çıxdım, tutub apardılar. 16 yaşlı nəvəmi də tutdular", sonradan azad edildiyini deyən 78 yaşlı fermer BBC Azərbaycancaya danışır.

Şamaxı rayon icra hakimiyyətindən məsələ ilə bağlı günlərdir ki, şərh almaq mümkün olmayıb.

Əbilcan İsmayılovun bu problemi bu ilin əvvəlində otlaqların əkinçilik təsərrüfatlarına çevrilməsini mümkün edən qərardan sonra yaranıb.

2017-ci ilin əvvəlində, Nazirlər Kabinetinin (NK) torpaqların təyinatının dəyişdirilməsilə bağlı qərarından sonra, onlardan əraziləri tərk etmək tələb edilib.

NK-nin 20 yanvar 2017-ci ildə imzaladığı "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə qərarından sonra isə onlara Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məktub göndərilib.

Image caption Şamaxı RİH-dən sakinlərə verilən məktub

Məktubda onlardan 01 may 2017-ci il tarixədək mal-qaranın və icarə dövründə istifadədə olan daşınmaz əmlakın, bina və qurğuların sökülməsi və ərazidən çıxmaq tələb edilib.

Əvəzində onlara verilən təzminat isə fermerləri qane etməyib. İsmayılov bildirib ki, onlara "ərazi üçün deyil, ərazidə yerləşən tikililər üçün" təzminat təklif edilib.

Bu səbəbdən onlar məhkəməyə müraciət edib.

"Sentyarbrın 6-da məhkəmədə idik. Qərar çıxmayıb, gözləyirik", İsmayılov əlavə edib.

Şamaxı Rayon İcra Hakimiyyəti bundan əvvəl bu məhkəmə ilə bağlı BBC Azərbaycancaya bildirib ki, "təsərrüfat fəaliyyətə başlamalıdır. Məhkəmənin ona nə dəxli var axı. Bəlkə məhkəmə 1-2 ay davam edəcək".

İcra hakimiyyəti onu da bildirib ki, fermerlərin çıxmadığı halda "qanuna müvafiq şəkildə məcburi çıxarılacaq".

Dədə-babadan heyvandarlıqla məşğul olmuş İsmayılov torpaqları məcburi alınmış tək fermer deyil.

Şamaxının Göylər, Çaylı, Quşçu kəndi, Kürdəmir, Ağstafa, İmişli, Zərdab və Hacıqabuldan olan fermerlər də BBC Azərbaycancaya oxşar halla rastlaşdıqlarını bildirib.


Əlaqəli mövzular

Bu barədə daha geniş