Azərbaycanı iş, təhsil və daimi yaşayış üçün seçənlər nə düşünür?

Statistikaya görə son beş ildə Azərbaycana xarici ölkələrdən toplam 119 mindən artıq miqrant gəlib.

Onlar Azərbaycana iş, təhsil və daimi yaşayış üçün üz tutublar.

İş məqsədilə ölkəyə gələnlərin sayı ümumi miqrant sayının 66 faizini təşkil edib. Daha 22 faiz təhsil, qalan 12 faiz isə daimi yaşamaq üçün müraciət edənlərdir.

Siyahıda hər üç göstərici üzrə Türkiyə liderlik edib. Belə ki, 2012-2016-cı illər ərzində türkiyəli miqrantların ümumi sayı 45.006 nəfər olub.

Azərbaycanda yaşayan müxtəlif ölkələrin nümayəndələrilə Gülər Abbasova söhbət edib.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Azərbaycana Qərbdən ən çox iş üçün gələnlər Birləşmiş Krallıq, Almaniya, ABŞ və Kanada nümayəndələridir. Sabiq sovetlər arasında daha çox Gürcüstan, Rusiya və Ukrayna vətəndaşlarını görmək olar. Azərbaycanda iş yerləri həmçinin İran, Çin, Hindistan, Pakistan, Filippin və Misir nümayəndələrini cəlb edir.

Təhsilə isə İran, İraq, Çin, Gürcüstan və Rusiya vətəndaşları daha çox maraq göstərir.

Daimi yaşayış yeri kimi Azərbaycana üstünlük verənlərin siyahısında həmsərhəd və bir neçə postsovet ölkəsi ilə yanaşı Pakistan və Əfqanıstan sakinlərini də görmək olar.

Hikmət Əmiri 2016-cı ildən bəri ailəsi ilə birgə Bakıda yaşayan miqrantlardandır. 23 yaşlı əfqan mühacir Azərbaycanda özünü rahat və "təhlükəsizlikdə hiss edir".

"2 yaşımdan mühacir həyatı yaşayıram. 1996-cı ildə Vətəndaş müharibəsi zamanı bir çoxları kimi biz də Əfqanıstanı tərk etdik, Pakistana köçdük. Amma orada yaşayış rahat olmadığından sonradan İrana gəldik. Dilimiz və adət ənənəmiz eyni olduğundan düşünürdük ki, İrandan dəstək alacağıq. Belə olmadı,özümüzə qarşı xoş rəftar görmədik və təxminən ilyarımdan sonra yenidən Pakistana qayıtmalı olduq", - Əmiri mühacir həyatından danışır.

Əmiri ailəsi ilə uzun müddət Pakistanda yaşasa da yerli rəsmilər və polislər tərəfindən təzyiqlərə məruz qaldığını bildirir. Nəhayət ailə Azərbaycana gəlməyi qərarlaşdırır.

"Biz öncə Əfqanıstana, oradan isə təyyarə ilə Azərbaycana gəlməli idik. Əfqanıstana geri dönmək çox təhlükəli idi. Hər an insan oğurluğu, təhdidlə üz-üzə idik. Bir həftə ərzində çalışırdıq ki, evdən çölə çıxmayaq. Mən avtomobilimi satmışdım. Həmin pulla nəhayət viza və bilet işlərini tamamlayıb yola çıxdıq. Azərbaycanda təyyarədən enəndə yoxlama məntəqəsindəki xanımın təbəssümü və "Xoş gəlmisiz!" sözləri mənim üçün çox şey ifadə edirdi. Anladım ki necə bir ölkəyə gəlirəm",- Əmiri əlavə edir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Hikmət Azərbaycanda özünü güvənli hiss etsə də təhsil almaq və işləmək hüququndan məhrumdur. Müxtəlif şirkətlərdən iş təklifi gəlsə belə hazırkı mühacir statusu işləməyə imkan vermir. Dediyinə görə Dövlət Miqrasiya xidmətinə müraciət etsə də ona müsbət cavab verilməyib.

"Rəsmi olaraq işçi kimi heç bir yerə işə qəbul edə bilmirlər, çünki buna izn verilmir. Eyni zamanda qardaşlarım və mən təhsilimizi davam etdirə bilmirik. Maddi cəhətdən bizi hazırda təkcə xaricdə yaşayan qardaşlarım təmin edir",- o bildirir.

Əmiri deyir ki indi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından cavab gözləyir. Əgər imkan yaradılsa ailəsi ilə birgə üçüncü ölkəyə keçəcək. Yalnız bu halda o sənədləri ilə bağlı problemləri həll edib, gələcək həyatını qura bilər.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"Azərbaycanda gənclərin çoxu iş və təhsil üçün xaricə gedir. Bizdə isə gənclər daha çox yerli universitetlərdə təhsil alır, işi də asanlıqla tapırlar." - 23 yaşlı Hilde van der Val deyir.

Hilde "Beynəlxalq Torpaq və Su Ehtiyatlarının İdarə Olunması" ixtisası üzrə Niderlandda magistr təhsili aldıqdan sonra müxtəlif ölkələrin təcrübə proqramlarına qatılır. Hilde bildirir ki, öz sahəsində yaxşı iş tapmaq üçün bu praktika çox vacibdir. O Azərbaycana iki aylıq təcrübə proqramında iştirak etmək üçün gəlib.

"Dost-tanışa deyəndə ki, Azərbaycana gedirəm, hamı elə bilirdi bu ölkə Rusiyanın bir hissəsidir. Azərbaycanın adını təkcə "Eurovison-2012" müsabiqəsindən xatırlayırdıq. Bakıya təzə gələndə modern, müasir tikililərə görə burada daha çox Qərb mühitinin olduğunu düşünürdüm. Zaman keçdikdən sonra gördüm ki, yalnız xarici görünüşü Qərb ab-havasındadır, daxili isə şərqdir. Amma ümumiyyətlə mənim üçün burada yaşamaq çox rahatdır", - Hilde bildirir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"Mən Hindistanda buradakı qazancımın dörddə biri qədər maaş ala bilərəm. Bu gəlir günlük xərclərə yetir. Bakıda isə kifayət qədər yüksək məvacib alıram. Buradakı qazancımla beş ilə Hindistanda özümə ev ala bilərəm", - hindli Edvard Prakaş deyir.

38 yaşlı Prakaş Hindistanın Cənub bölgəsindən, Çenay şəhərindəndir. O 2012-ci ildən əməkdaşlıq etdiyi Sinqapur şirkəti vasitəsiylə Azərbaycana işləmək üçün gəlib. Boru xətləri mühəndisi kimi Bakı Gəmiqayırma zavodunda beş ilə yaxındır ki çalışır.

"Bundan öncə Dubayda və Sinqapurda işləmişəm. Dubayda sutkada demək olar 12 saat və istirahət etmədən hər gün işləyirdim. Sinqapurda eyni olmasa da, iş şəraitim çox gərgin idi. Orada 1000 dollar qazanırdım", - Prakaş əlavə edir.

Hindli immiqrant Bakıda normal 8 saatlıq rejimdə çalışır və qalan vaxtını istirahətinə, ailəsinə sərf edə bilir.

"İlk dəfə Azərbaycana iş təklifi gələndə ehtiyat edirdim, düşünürdüm bura çox geridə qalmış, konservativ ölkədir. Bakının müasirliyini görən, hər bir hindli kimi, mən də təəccübləndim. İnsanlar da çox mehribandır. Özümü burada təhlükəsiz və rahat hiss edirəm", - Edvard bildirir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Perulu Alexandra Vendi Bakıda maliyyə ixtisası üzrə bakalavr təhsili alır. O, pul qazanmaq üçün, dərslərindən əlavə, həftə sonlarında xarici dil kursunda işləyir.

"Həftədə minimum 50, bəzən 100 manat xərclərim çıxır. Ekstra həyat yaşamaq niyyətim yoxdur. Universitetin təhsil haqqından azadam. Amma günlük xərclərimi və kirayə haqqını qarşılamaq üçün işləməli oluram. Hazırda ingilis və ispan dilindən dərs deyirəm", - 19 yaşlı Vendi deyir.

Perulu gənc deyir ki, onun kimi tələbələrə işləyib pul qazanmaq olduqca çətindir. Çünki leqal şəkildə tələbə olduğu müddətdə buna icazə verilmir. Yeganə çıxış yolu saat hesabı işləyib pul qazanmaqdır. Vendi bakalavr təhsilindən sonra da Azərbaycanda bir müddət qalıb işləməyi düşünür.

"Öz ölkəndə olanda daha rahatsan, hər kəs səni tanıyır. Burada isə mənə hələlik bir qədər çətindir. Demək olar çox az adam tanıyıram və yalnız vaxt tapanda harasa gəzməyə gedirəm", - Vendi bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş