Mosulda tutulan azərbaycanlı qadınlar və uşaqlar Azərbaycana gələ bilərmi?

düşərhə Fotonun müəllifi Reuters
Image caption İraq rəsmiləri Hammam əl-Alil düşərgəsində olan qadınların əksəriyyətinin türkiyəli olduğunu bildirib.

Mosul şəhərində saxlanılan təxminən 1300-dən çox cihadçı ailələri arasında azərbaycanlı qadınlar və uşaqlar da var, İraq rəsmiləri və humanitar yardım rəsmiləri bildirib.

İraq rəsmilərinə görə, onların şəxsiyyəti müəyyən edildikdən sonra öz ölkələrinə göndərilmə ehtimalı var.

Azərbaycanın rəsmi qurumlarından onların taleyi barədə hələlik heç bir məlumat almaq mümkün olmayıb.

Təhlükəsizlik üzrə təhlilçilər isə onların qayıdacağı halda nəzarət altında saxlanılmasını vacib hesab edirlər.

2014-cü ildə özünü İslam Dövləti (İD) adlandıran təşkilat İraqın şimalında və qərbində "xəlifəlik" elan etdikdən sonra minlərlə xarici yaşamaq üçün İraqa və Suriyaya gediblər.

Son bir ildə 151 nəfər terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə ölkə vətəndaşlığından məhrum edilib və 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub, Dövlət Təhlükəsizliyi Xidməti bildirib.

Reuters yazır ki, ümumilikdə 13 ölkədən olan bu qadın və uşaqların əksəriyyəti, ötən ay İraq qoşunları Mosulu zəbt edərkən Tel Afara qaçıblar.

İraq ordusu və kəşfiyyatı rəsmiləri Hammam əl-Alil düşərgəsini ziyarət edən Reuters jurnalistlərinə bildiriblər ki, həmin qadın və uşaqların çoxunun sənədləri yoxdur, amma onların çoxu Türkiyədəndir.

Digər əksəriyyəti Azərbaycan da daxil olmaqla, Tacikistan, Rusiyadan və daha azı isə fransızlar və almanlardır, rəsmilər bildiriblər.

Fotonun müəllifi Reuters
Image caption Qadın və uşaqların çoxu kürd qüvvələrinə təslim olublar

Mosulun Ninəva əməliyyatlar üzrə Komandanlığının polkovniki Əhmət ət-Taye deyib: "Biz İŞİD ailələrini sərt təhlükəsizlik şəraitində saxlayırıq və onlar barədə hökumətin əmrlərini gözləyirik."

"Biz onlarla yaxşı davranırıq. Bunlar məsum insanları soyuqqanlıqla qətlə yetirmiş qəddar cinayətkarların ailə üzvlərdir, lakin biz onları dindirəndən sonra anladıq ki, bu qadınların əksəriyyəti [İD-nin] təbliğat nəticəsində aldadılıb", o əlavə edib.

İngiltərədə dərc olunan Independent qəzeti yazır ki, İraqın Daxili İşlər Nazirliyi bu qadın və uşaqların vətəni olan ölkələrin səfirlikləri ilə əlaqə yaradılmasına çalışdıqlarını bildirib.

"Biz bu qədər adamı burda çox saxlaya bilmərik" - Nazirliyin sözçüsü bildirib.

Düşərgədə 100-dən çox xarici vətəndaşın olduğunu təsdiqləyən Norveç Qaçqınlar Şurası İraqı bu adamların gələcək taleyinə tez bir zamanda aydınlıq gətirməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, düşərgədə azərbaycanlılarla bağlı hansısa təsdiqləyici məlumata hələlik malik deyil.

Digər hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq cəhdləri də uğurlu olmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev çərşənbə axşamı bildirib ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan vətəndaşları radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar.

"Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb", APA rəsmidən sitat gətirib.

Cənab Musayev əlavə edib ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub, 151 nəfər isə son bir ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə ölkə vətəndaşlığından məhrum edilib.

2015-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı onun vətəndaşlığının itirilməsi ilə nəticələnir.

Vəziyyəti BBC Azərbaycancaya izah edən təhlükəsizlik eksperti İlham İsmayıla görə, qadınların İD ərazilərinə necə getdiklərini araşdırmaq önəmlidir.

"Müəyyənləşdirilməlidir ki, qadınlar ərlərini qoyub, təkbaşınamı ora gediblər? Belədirsə, terrorçu ola bilərlər. Amma tendensiya bundan ibarət olub ki, daha çox kişilər ailələri ilə birgə gediblər. İŞİD yenicə yarananda və hələ Suriyada müharibəyə girmədən əvvəl onlar yataqxanalarda yaşayırdılar, müəyyən pul müqabilində. Hamımız bilirik ki, buradan gedən ailələr var və orada qalırlar."

Cənab İsmayıl qeyd edib ki, tutulan qadınlar Azərbaycan gəlmək arzularını bildirsələr xüsusi xidmət orqanları onların necə getməsini və meyllərini müəyyənləşdirməlidir.

"Dindar ola bilərlər, amma əsas odur ki, radikal olmasınlar, terrorçu olmasınlar", o deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş