Azərbaycanda neft yatağı ilə bağlı mühüm razılaşmanın imzalanma mərasimi olacaq

Neft qurğuları Fotonun müəllifi AFP

Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasiminə Britaniya xarici işlər nazirinin müavini Alan Duncan və Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak da gələcək.

Müqavilənin AÇG-ə irihəcmli sərmayələr cəlb edəcəyi və blokun işlənməsinin davam etdirilməsinə yol açacağı gözlənlir. Bu arada Azərbaycan bu layihədə payını 20 faizədək artırmaq istədiyi barədə məlumatlar var.

"Əsrin müqaviləsi" adlanan sövdələşmə 1994-cü ildə imzalanıb. Ötən ilin sonunda isə onun 2050-ci ilədək işlənməsinə dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin əməliyyatçı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında niyyət məktubu imzalanıb.

Hazırda Xəzərdəki layihədə səhmlərin böyük hissəsi BP-nin əlindədir. Britaniya şirkəti 35.8 faizlik paya malikdir. Digər səhmdarlar, SOCAR, ABŞ-ın Chevron və Yaponiyanın İnpex şirkəti hərəsi 11 faizə, Norveçin Statoil şirkəti isə 8.6 faizə malikdir. Amerikanın Exxon şirkəti isə 8 faizin sahibidir.

Azərbaycanın payı

Lakin belə görünür ki, bu nisbət dəyişə bilər. Reuters agentliyinə əsasən Azərbaycan öz iştirak payını 11,6 faizdən 20 faizədək artırmaq niyyətindədir.

Agentliyin mənbələrinə görə bu, başqa şirkətlərin payının azalması hesabına baş verməlidir. Məqalədə qeyd olunur ki, BP şirkətinin səhmləri 35.8 faizdən 30 faizədək azala bilər.

Bu məlumatı təsdiq etmək üçün SOCAR-la əlaqə saxlamaq mümkün olmayıb. BP şirkəti isə məlumatlardan xəbəri olduğunu desə də onlara münasibət bildirməyib.

Image caption Müqavilənin imzalanması mərasiminə Britaniya xarici işlər nazirinin müavini Alan Duncan da gələcək

"AÇG üzrə müqavilənin uzadılmasına dair ötən ilin dekabr ayında niyyət məktubu imzalanıb və biz onun gerçəkləşdirilməsi üzərində işləyirik", - BP mətbuat katibliyindən BBC Azərbaycancaya deyiblər.


Bu arada neft üzrə təhlilçi İlham Şaban hesab edir ki, SOCAR ABƏŞ-də payını artırmaqla gəlirlərini də artırmaq istəyir.

Onun sözlərinə görə indiyədək bir çox layihələrə sərmayə qoyan SOCAR ABƏŞ-də payını artırmaq yükünün altına girməkdən çəkinirdi.

"2015-ci ildə SOCAR Şahdəniz yatağında 10 faiz paya sahib idi və Statoil çıxmaq istədiyini deyəndə onun payını alaraq öz səhmlərini 16.7 faizə çatdırdı".

İlham Şabanın sözlərinə görə Azərbaycan öz payını artırmaqla investisiyalarını da artırmalı olacaq və belə görünür ki, son zamanlar "bir çox başqa yatırımlara və xərclərə başı qarışan" SOCAR artıq bunu etməyə qadirdir.

Azərbaycan Respublikası Dövlət Neft Fonduna əsasən 2001-ci ilin əvvəlindən bu ilin mart ayınadək AÇG yatağı üzrə əldə olunan ümumi gəlir 123.102 mlrd ABŞ dollarına bərabər olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş