Saxlanılmış gey: "İnsanıq da. Bizim də yaşamaq haqqımız var"

Bakı Fotonun müəllifi Getty Images

"Mən ölkədən çıxıb gedirəm, mən insanam, hələ normal həyat yaşamamışam, ona görə çıxıb getmək istəyirəm buradan", inzibati həbsdən azad edilmiş cinsi azlıq nümayəndəsi BBC Azərbaycancaya bildirib.

Ağlayaraq müsahibə verən və təxminən 20 yaşlarında olan gənc, son günlərdə Bakıda saxlanılmış yeganə LGBT icması üzvü deyil.

İndiyədək "bu miqyasda" reyd görmədiklərini deyən LGBT icması və hüquq müdafiəçiləri BBC Azərbaycancaya bildiriblər ki, "onlarca" trans və gey küçələrdə və ya evlərində saxlanılıb, onlardan bəziləri bir neçə gün müddətinə "həbs edilib", bəziləri isə "ailələri ilə şantaj edilib", digərləri isə "cərimələnib".

Daxili İşlər Nazirliyi paytaxt sakinlərinin çoxsaylı şikayətləri əsasən "hərəkətlərinin ətrafdakılara açıq hörmətsizlik hesab olunduğu şəxslərə qarşı reyd keçirildiyini" təsdiqləyib, lakin nazirliyin sözçüsü təqib, işgəncə və pul istənilməsi iddialarını təkzib edib.


Həmçinin oxuyun:


"Sual verirəm nə səbəbə?"

"Ayın 20-də qapı döyüldü, biz qapını açmadıq, yarım saat keçdikdən sonra bizim indi həbs olan dostumuz zəng etdi. Sonra qapı döyüldü və gözcükdən baxanda gördüm ki, dostum və bir neçə polis. Dostumu qandallamışdılar, bizi də tutdular", qorxduğu üçün adının çəkilməsini istəməyən gey BBC Azərbaycancaya danışır.

Onun sözlərinə görə, bir neçə gün polis bölməsində saxlandıqdan sonra valideynlərinin şikayətinin "geri çəkilməsi" şərtilə azad edilib.

"Əlbəttə döydülər... təhqir etdilər. Dedilər ki, müştəriyə çıxırsınız, bizə məlumat verin. Mən dedim ki, mən müştəriyə çıxmıram", incəsənətlə məşğul olduğunu deyən gey gənc bildirib.

Hazırda Azərbaycandan getməyi planlaşdıran gənc müsahibə zamanı ağlayaraq qeyd edir ki, onlara həbslərinin səbəbi deyilməyib:

"Sual verirəm nə səbəbə? Deyirlər, anket doldurursan? Çox pis rəftar edirlər insanla. İnsanıq da. Bizim də yaşamaq haqqımız var. Bizi də Allah yaradıb, niyə belə rəftar edirsiniz?"

"Bəziləri qaçıb, bəziləri görkəmlərini dəyişib"

Saxlanılma səbəbi ilə bağlı başqa bir LGBT fəalı bildirib ki, onlara "yuxarıdan belə əmr verildiyi" deyilib:

"Tək-tək tuturlar, onlara deyilib ki, turistlərin və ictimaiyyətin çox olduğu yerə getməyin, rəngarəng şeylər geyinməyin", adının çəkilməsini istəməyən fəal "102 Qaynar Xətti"ndən də məlumat ala bilmədiklərini iddia edib.

Onun sözlərinə görə, nəticədə bəziləri xarici ölkələrə qaçıb, bəziləri görkəmlərini dəyişib, bəziləri isə, ümumiyyətlə, küçəyə çıxmağa qorxurlar.

Fəal hadisə ilə bağlı vitse-prezident Mehriban Əliyevaya, Britaniya və Fransa səfirliklərinə məktublar göndərdiyini bildirib.

Nəfəs LGBT təşkilatının mühacirətdə olan nümayəndəsi Cavid Nəbiyev isə BBC Azərbaycancaya bildirib ki, hadisədən məlumatlı olan kimi LGBT icmasına "hər şeydən uzaqlaşmaq, tanış olmamaq və tanımadıqları insanlarla danışmamaq" tövsiyə edilib.

"Açınacaqlı hekayələr var. İnsanlarda qorxu var", Nəbiyev əlavə edib.

Fotonun müəllifi Getty Images
Image caption Adının çəkilməsini istəməyən saxlanılan şəxslərdən biri deyib " İnsanıq da. Bizim də yaşamaq haqqımız var. Bizi də Allah yaradıb, niyə belə rəftar edirsiniz?"

"..seks işçiliyi ilə əlaqəsi olmayanlar da təsirlənib"

Minority Azərbaycan təşkilatının nümayəndəsi Gülnarə Mehdiyeva isə bildirib ki, əvvəlcə təkcə seks işçisi olduğu deyilən transların saxlanıldığı deyilsə də, hadisə seks işçiliyi ilə əlaqəsi olmayan və sadə işlərdə (həkim, stilist) çalışan gey insanlara da təsir edib.

"Polis axşam 11-dən sonra insanlara yaxınlaşaraq bölməyə aparır, cərimələyir", Gülnarə Mehdiyeva qeyd edib.

Onun sözlərinə görə, onlara müraciət etmiş 10-dan çox şəxs təkcə öz başlarına gələni deyil, dostlarının da hekayələrini danışırlar.

"Periodik olaraq seks işçilərinin polislə problemləri olub, amma indiyədək bu miqyasda reyd görməmişdik", deyən Mehdiyeva zərərçəkənlərə hüquqi yardım etməyə və informasiyanı daha çox ictimailəşdirməyə çalışdıqlarını bildirib.

"Nə qədər çox danışılarsa, o qədər reydlər daha tez başa çatar deyə düşünürük."

LGBT icmasına hüquqi yardım təklif edən hüquqşünaslardan biri, Səməd Rəhimli BBC Azərbaycancaya müsahibəsində saxlanma hadisələrini "qanunsuz" adlandırıb.

Cənab Rəhimli qeyd edib ki, onların "cinsi azlıq olduqlarına görə təqibi" Avropa İnsan Haqları Konvensiyasının şəxsi və ailə həyatına hörmət, diskriminayaya məruz qalmamaq, işgəncələrə məruz qalmamaq, qanunsuz həbslər və ədalətsiz mühakimə maddələrini, eləcə də Azərbaycan Konstitusiyasının isə Bərabərlik, Şəxsi toxunulmazlıq və Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı maddələrini "pozub".

Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib edir

İşgəncə və pul istənilməsi iddialarını təkzib edən Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC Azərbaycancaya bildirib ki, paytaxt sakinlərinin çoxsaylı şikayətlərinə əsasən belə bir tədbir keçirilib:

"Saxlanmadır.. Onlar həkim müayinəsinə aparılıb, onlardan yalnız 5 nəfərində QİÇS və siflis, daha 1 nəfərində isə təkcə QİÇS xəstəliyi aşkar edilib", bildirən cənab Zahidov bunun, vətəndaşların polisə müraciəti əsasında polisin reydlərini "tam əsaslı" göstərdiyini deyib.

"Bəzi media və insanlar tərəfindən belə təqdim olunur ki, Azərbaycanda polis əməkdaşları tərəfindən guya cinsi azlıqlara qarşı təqiblərə, reydlərə başladı, əslində bu belə deyil", deyə DİN rəsmisi qeyd edib:

"Kimki öz hərəkətlərini xəlvəti, məxfi, heç kəsin etirazına səbəb olmayan bir formada öz həyatını yaşayırsa, onlarla polisin heç bir işi yoxdur, amma kimki öz hərəkətlərini nümayişkaranə formada, ətrafdakıların qıcığına səbəb olacaq formada, ətrafdakıların şikayətinə səbəb olacaq formada həyata keçirirlərsə polis belələrinə qarşı mübarizə aparır."

Ehsan Zahidov əlavə edib ki, saxlanılanlara da "hərəkətlərinin ətrafdakılara açıq hörmətsizlik hesab olunduğu" şəxslərə qarşı reyd keçirildiyi izah edilib.

DİN rəsmisi saxlanılanların sayı barədə məlumat verməyib və həmçinin işgəncə və pul istənilməsi iddialarını təkzib edib.

Cənab Zahidov əlavə edib ki, saxlanılanların polis tərəfindən hansı təhlükə mənbəyi, hansı yoluxucu xəstəliklər daşıyıcısı olmaqları aşkarlandığı üçün işgəncə iddiaları "qərəzdən irəli gələn" iddialardır.

Avropada nüfuzlu LGBT hüquqları təşkilatı, ILGA-Europe-un məlumatına görə, Azərbaycan cinsi azlıqların təhlükəsizliyi reytinqində 49 Avropa ölkəsi arasında axırıncıdır.

Bu barədə daha geniş