Mitinq öncəsi "saxlanan" fəallarla bağlı apellyasiya veriləcək

mitinq
Image caption 23 sentyabrda Milli Şura Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılmış qaydada mitinq keçirib.

Azərbaycanda müxalifətin bir qrupunu özündə birləşdirən Milli Şuranın sonuncu mitinqindən az əvvəl "saxlanan" fəalların həbsindən apellyasiya şikayəti veriləcək, vəkil bildirib.

BBC Azərbaycancaya danışan vəkil Əsabəli Mustafayev deyir ki, "saxlanan" şəxslərə verilən ittihamların "əsası yoxdur" və onların "dərhal" azadlığa buraxılmasını istəyirlər.

BBC Azərbaycanca iddialarla bağlı Daxili İşlər Nazirliyindən məlumat ala bilməyib.

23 sentyabrda Milli Şura Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılmış qaydada mitinq keçirib. Mitinqdə korrupsiya əleyhinə şüarlar səslənib.

Əsabəli Mustafayevin sözlərinə görə, "saxlanan" fəallar polisin dəvətilə bölməyə getsələr də, "polisə müqavimət ittihamı ilə üzləşiblər":

"Onlar öz ayaqları ilə polisə gediblər. Arxalarınca evə polis gəlməsi və ya bölməyə çağrılmaları ilə bağlı zənglər olmasını təsdiqləyən şahidlər var. Biz apellyasiya verəcəyik, əgər şikayətlərimiz təmin olunmasa, Avropa Məhkəməsinə üz tutacağıq."

Milli Şuranın Bakıda keçirdiyi mitinqdən bir gün əvvəl altı, aksiya günü isə iki nəfər saxlanıb, onlar ən azı 10, ən çoxu 15 sutka inzibati həbs cəzası alıb, AXCP-nin yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, ümumilikdə isə 60-dan çox siyasi fəal polis idarəsinə çağrılıb və onların bəziləri 50 manatdan 200 manata kimi cərimə ediliblər.

Partiyanın Ali Məclis sədrinin müavini İradə Nəriman baş verənlərin fəalların mitinqdə iştirakını əngəlləmək məqsədi daşıdığını iddia edir:

"Mitinq saatlarında və sonra heç kəs saxlanmadı, ya polisə aparılmadı. Mitinqdən qabaq polisin belə fəallaşması ancaq siyasi təqib məqsədi daşıdığını sübut edir".

Əlaqəli mövzular

Bu barədə daha geniş