Avtomobil mühəndisi, silah mühəndisi: "Sükan" arxasında qızlardır

texniki sahələrdə oxuyan tələbələr və müəllimə

Azərbaycan Texniki Universitetində 9 mindən çox tələbə təhsil alır. Onların cəmi 20 faizi qızdır. Müqayisə üçün deyək ki, Bakı Dövlət Universitetində təhsil alanların təxminən 70 faizi qızdır.

Sovet dövründə qızların çox nadir halda qapısını açdığı bu universitetə son illərdə qəbul olan qızların sayı artıb, qurumun ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Nicat Abdullayev BBC Azərbaycancaya deyir.

Bir vaxtlar "Politexnik" kimi tanınan Texniki Universitetdə oxuyan tələbə qızlar seçimlərində peşiman olmadıqlarını desələr də, bəziləri bitirəndən sonra öz ixtisaslarına davam edəcə biləcəklərinə şübhə ilə baxırlar.

Universitetdə silah və partlayıcılar üzrə dərs deyən qadın müəllimlər isə elmi-texniki sahədə çalışmaq üçün cins fərqini görmürlər.

"Oğlan olsaydım…"

Image caption Sona Məmmədova biotexnika mühəndisliyi ixtisasını özü seçsə də, universiteti bitirəndən sonra öz peşəsi üzrə işləyə bilməyəcəyini deyir.

Sona Məmmədova magistr dərəcəsi üzrə təhsil alır, biotexnika mühəndisliyi üzrə ixtisaslaşır:

"İxtisasım tibbi avadanlığın hazırlanmasını oyrədir. Sıradan çıxan tibbi alətləri təmir etməyi də öyrədir. Gələcəkdə "servis"lərdə işləyə bilərəm, amma inanmıram ki, bu alına".

Sona Məmmədova bu ixtisası özü seçdiyini deyir. Onun sözlərinə görə, bu ixtisasda daha çox qızlar oxuyur:

"Yəqin ixtisasın adında biotibbi görəndə oğlanlar düşünür ki, bu, daha çox qızlar üçün peşədir. Qızların da çoxu da ixtisasın verdiyi peşənin mahiyyətini bilmədən seçim edib".

Magistr Məmmədova düşünür ki, o, universiteti bitirəndən sonra öz peşəsi üzrə işləyə bilməyəcək. Buna görə oğlan olmadığına da təəssüflənir:

"Söhbət fiziki gücdən getmir, heç bu işdə fiziki gücə də ehtiyac yoxdur, indi texnologiya çox inkişaf edib. İndi ağıla, biliyə ehtiyac var. Biliyi də inkişaf etdirmək üçün təcrübə lazımdır. Oğlan olsaydım, bir yerdə dayanmazdım, hər yerə gedərdim, təcrübə keçərdim, qarşıma məqsəd qoyardım ki, yüksək səviyyəli mühəndis olacam. Amma qız olduğum üçün mənə qarşı önyarğılı olacaqlarından narahatam. Mənə milyonlarla dəyəri olan aparatın təmirini kim etibar edər? Deyərlər ki, qızdı, texnikadan nə başı çıxır?".

"Hələ maşın mühərriki görməmişəm"

Image caption Nəqliyyat avadanlığı mühəndisliyinin 4-cü kursunda təhsil alan Xəyalə Ellazova deyir ki, mühəndislik alınmasa, yol polisi olacaq.

Universitetin nəqliyyat avadanlığı mühəndisliyinin 4-cü kursunda təhsil alan Xəyalə Ellazova neft-kimya mühəndisi olmaq istəsə də, imtahanda topladığı bal və şərtlər onu bu ixtisasa yönəldib. Amma peşiman deyil, baxmayaraq ki, ətrafda təəccüblü baxışları çox sezib:

"Qrupda 24 oğlan, 3 qızıq. Oğlanlar üçün burda təhsil almaq nisbətən asandır, çünki ən azı maşının mühərrikini görüblər. Hələ mənim avtomobillərə həvəsim var deyə, çətinliyim azdır, digər tələbə qızlarımız üçün isə çox çətindir".

Xəyalə Ellazova bu çətinliyi daha çox təcrübəyə bağlayır. Onun fikrincə, tədris təkcə nəzəriyyə ilə yox, həm də təcrübə ilə əhatə olunsa, qızlar üçün də qaranlıq heç nə qalmaz:

"Yanımızda maşın söküb-yığmayıblar. Belə laboratoriyamız yoxdur. Artıq dördüncü kursdayam, amma hələ mühərrik görməmişəm. Düzdür, ikinci semestrə təcrübə keçməliyik. Səbirsizliklə gözləyirik".

Xəyalə Ellazova bəzən xəyallara qapılır: özünün dizaynını verdiyi avtomobili təqdim edir. Amma bilmir ki, bu xəyalı gerçəkliyə çevrilə bilər, ya yox.

"Bunun üçün çox yaxşı təcrübəm olmalıdır. Universitetdə oxumaqla bu təcrübəni qazanmaq mümkün deyil".

Əgər avtomobil mühəndisliyi yolunda irəliləyə bilməsə, Xəyalə Ellazova yol polisi olmağı da sınaqdan keçirə biləcəyini deyir:

"Oğlanların çoxu bu fakültəyə yol polisi olmaq üçün gəlir. Mühəndislik alınmasa, yol polisi olaram. Bu işdən də xoşum gəlir".

"Silah mühəndisi olacam"

Image caption Silahlar üzrə mühəndis olacağını deyən ikinci kurs tələbəsi Sabrina 20 oğlanın arasında yeganə qızdır.

Pirotexniki vasitələriin texnologiyası üzrə təhsil alan Sabrina Eminli isə qarşısındakı bütün sterotipləri qırmaq niyyətindədir. Silahlar üzrə mühəndis olacağını deyən ikinci kurs tələbəsi Sabrina 20 oğlanın arasında yeganə qızdır. O, bu ixtisası özü seçib və yüksək balla qəbul olunub:

"542 bal toplamışdım. Bu ixtisasa keçid balı 477 idi. Hazırda 4-cü kursda bir qız təhsil alır, bir də ikinci kursda mənəm, digər kurslarda qız yoxdu".

Sabrina Eminliyə anasından başqa heç kim dəstək verməsə də, o, önyarğıları dağıtmağa çalışır. Silahları açıb-yığır, ixtisasını dərindən öyrənməyə çalışır, oğlan tələbə yoldaşlarından geri qalmamağa çalışır:

"Bu sahədə işləyəcəyəm. Maddi imkanlarım olsa, təhsilimi xaricdə də davam etdirərəm. Bu sənəti sevirəm, uşaqlıqdan hərbiyə meylim olub, əsasən, hərbi ilə bağlı inşa müsabiqələrinə qatılırdım. Məktəbi qurtaran vaxtlarda öyrəndim ki, belə bir fakültə var.

Sabrina xatırlayır ki, ilk kursda tələbə yoldaşları ona qıyqacı baxıb, "heç alışa bilmirdilər" deyir. Amma zaman keçdikcə, təkcə baxışlar dəyişməyib, həm də dostlaşıblar da.

"İndi tələbə yoldaşlarımın bəziləri ilə yaxından yoldaşlıq edirik. İnanıram ki, gələcəkdə qarşıma çıxan adam da məni silah mühəndisi kimi qəbul edəcək, peşəm üzrə işləməyimə mane olmayacaq".

"Peşənin cinsi yoxdur"

Image caption Sevinc Muxtarova partlayıcı maddələrlə bağlı hazırda elmi tədqiqat aparır.

Universitetdə partlayıcılardan, silahlardan dərs deyən qadın müəllimlər də var. Sevinc Muxtarova qadın üçün partlayıcı maddələrdən dərs deməyi heç də sıxıcı saymır. O, partlayıcı maddələrlə bağlı hazırda elmi tədqiqat aparır.

"Bu köhnə fikirlərdi ki, silahla, partlayıcı maddə ilə kişilər məşğul olur. Artıq hansı dövrdə yaşayırıq? İndi hansısa peşənin qadın ya kişi üçün deyə bölgüsü yoxdur ki. Əsas odur ki, adamda özgüvən olsun".

Sevinc Muxtarova deyir ki, artıq texniki elmlərə gələn qızların sayının artdığını müşahidə edir:

"Keçmişdə qadınlar evdə otururdu, amma hal-hazırda qadınlar bütün sahələrdə öz sözlərini deyir".

Barıtların, partlayıcı maddələrin, pirotexniki vastələrin hazırlanması texnologiyasından və buna bənzər daha 3 fənndən dərs deyən Sevinc Muxtarovanın sözlərinə görə, tələbələri arasında qızlar oğlanlardan heç də az uğur göstərmirlər:

"Ötən il magistr yerinə 2 yer verilmişdi, birinci turu 3 oğlan 1 qız keçmişdi, ikinci turu isə o qız keçdi".

Əlaqəli mövzular

Bu barədə daha geniş