AŞPA prezidenti Pedro Agramunt istefa verib

Agramunt Fotonun müəllifi Getty Images

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Agramunt istefaya çıxdığını elan edib. O, öz Twitter saytında qərarın şəxsi səbəblərlə bağlı olduğunu bildirir.

İspaniyalı senator yanvar ayında ikinci dəfədir ki, AŞPA prezidenti vəzifəsinə seçilmişdi.

Lakin mart ayında Pedro Agramunt Rusiya parlamentinin nümayəndə heyətilə Suriyada Bəşər Əsədlə görüşə qatıldığına görə qınanmağa başladı.

Agramunt qeyd edirdi ki, bu səfərə o, AŞPA rəsmisi kimi çıxmayıb.

Prezidenti istefaya göndərməyin hüquqi mexanizmi mövcud olmadığından, AŞPA bürosu ona etimadsızlıq bildirərək qurumu təmsil etmək hüququndan məhrum edib.

Pedro Agramunt qalmaqallı insidentin ardınca şərh verməyib və iclaslara qatılmayıb.

Təsdiqlənməmiş məlumatlara əsasən, o, həmin dövrdə istefa verməkdən imtina etdiyi barədə sənəd göndərib.

Britaniyanın "The Guardian" qəzeti bildirir ki, onun adından yayılan bəyanatda hadisə "qəribə iş və təəssüf doğuracaq tamaşa" kimi dəyərləndirilmişdi.

Oktyabrın 19-da istefasını elan edən Pedro Agramunt Suriya səfərilə bağlı qalmaqala toxunmur.

"Bün gün mən, şəxsi səbəblərə görə, Avropa Şurası Parlament Assambleyasına artıq sədrlik etməməyə qərar verdim", - Agramunt Twitter-də istefa barədə qərarını elan edib.

Pedro Agramuntun ünvanına tənqidlər Azərbaycanla bağlı da səslənib.

Fotonun müəllifi @pagramunt
Image caption Agramunt-un tviti: Bün gün mən, şəxsi səbəblərə görə, Avropa Şurası Parlament Assambleyasına artıq sədrlik etməməyə qərar verdim"

AŞPA başçısının istefasına dair çağırışların gücləndiyi ərəfədə Avropa Sabitlik Təşəbbüsü (European Stability İnitiative - ESİ) təşkilatı onun karyerasının Azərbaycanla bağlı olduğu barədə yazıb.

"O, Azərbaycana hər-hansı başqa parlament üzvündən daha çox səfər edib. O, uzun müddət ərzində Bakıdakı seçkiləri müşahidə edib və qüsurları ört-basdır edib", - Avropanın genişlənməsi üzrə nüfuzlu araşdırma mərkəzinin saytındakı məqalədə iddia olunur.

İddia edilir ki, Pedro Agramunt 2016-ci ildən bəri Azərbaycanın iştirakı ilə bağlı korrupsiya və lobbiçilik hallarının araşdırılmasına müqavimət göstərib və hətta onların qarşısını alıb.

ESİ bu barədə 2013-cü ildə dərc etdiyi "Kürü diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu" adlı hesabatında bəhs edir.


"Azərbaycan hökuməti kürü və digər bahalı hədiyyələrdən Avropa Şurasının dəstəyini satın almaq və demokratiya və insan haqları sahəsində acınacaqlı vəziyyəti tənqid edənləri susdurmaq üçün istifadə edir".

Azərbaycanın Xarici İşlər Nazirliyi ittihamları rədd edib.

İddia olunur ki, 2013-cü ildə Azərbaycan üzrə həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech-in "Azərbaycan tərəfindən öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi" məruzəsinin qəbul edilməsi də məhz Azərbaycanın lobbiçilik fəaliyyətinin nəticəsidir.

Eyni zamanda, AŞPA "Azərbaycanda siyasi məhbuslar məsələsinin ardı" adlı tənqidi sayılan Christoph Strasser tərəfindən hazırlanan hesabatı qəbul etməmişdi.

Ötən ilin sonunda ESI-nin "Avropa bataqlığı (Kürü Diplomatiyası İkinci Hissə)" adlı hesabatında yenidən lobbiçilik fəaliyyətilə bağlı Pedro Agramunt-un adı üzə çıxıb.

Cənab Agramunt bu iddiları şərh etməyib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov isə hesabatı Azərbaycana qarşı "provokasiya" kimi qiymətləndirib.

Pedro Agramunt istefasından sonra da AŞPA-da İspaniya nümayəndə heyyətinin üzvü olaraq qalır.

Əlaqəli mövzular

Bu barədə daha geniş