N!DA vətəndaş hərəkatının həbsdə olan 3 üzvü aclıq aksiyasına hazırlaşır

Ülvi Həsənli
Image caption N!DA vətəndaş hərəkatın idarə heyyətinin üzvü Ülvi Həsənli həbsdəki təşkilat üzvlərinin təhlükədə olduğunu deyib

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman aclıq aksiyasına başlayacaqlarını deyiblər.

Bu barədə 21 oktyabr tarixində NİDA vətəndaş hərəkatının keçirdiyi tədbirdə vəkil Elçin Sadıqov və hərəkatın idarə heyyətinin üzvü Ülvi Həsənli məlumat verib.

İctimaiyyət nümayəndələrini və media orqanlarını eləcə də yerli və beynəlxalq qurumları problemə həssa yanaşmağa çağıran Ülvi Həsənli NİDA üzvlərinin həyatı təhlükə ilə üz-üzə olduqlarını deyib.

"Ötən il həbsdə olan blogger Mehman Qələndərovun ölümündən sonra aydın olur ki, Azərbaycan həbsxanaları heç də təhlükəsiz yer deyil və NİDA üzvləri də bu təhlükədən sığortalanmayıblar", Ülvi Həsənli deyib.

Hər üç gənc N!DA vətəndaş hərəkatının üzvüdür və beynəlxalq hüquq təşkilatları tərəfindən siyasi məhbus hesab edilir.


Həmçinin oxuyun:


Fotonun müəllifi Ramin Deko
Image caption Bayram Məmmədov (solda) və Qiyasəddin İbrahimov (sağda)

BBC Azərbaycancaya danışan vəkil Əsabəli Mustafayev deyib ki, o İlkin Rüstəmzadə və Bayram Məmmədovla Bazar ertəsi günü görüşüb və onlar aclıq etmək istəkləri barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məlumat verdiklərini deyiblər.

Aclıq akisyasına səbəb Bayram Məmmədovun oktyabrın 10-da cərimə kamerasına salınmasıdır.

Vəkilin Sözlərinə görə oktyabrın 9-da 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin otağında Bayram Məmmədovla mülki geyimdə olan hökumət nümayəndələrinin qeyri-rəsmi görüşü olub.

Bu zaman Bayram Məmmədov otağı tərk edib. Bundan sonra, o cərimə kamerasına salınıb və 5 gün müddətində orda saxlanılıb.

Buna etiraz edən digər NİDA üzvləri Elgiz Qəhrəman və İlkin Rüstəmzadə isə Bayram Məmmədovla həmrəylik nümayiş etdirmək üçün aclıq aksiyasına başlayacaqlarını ifadə ediblər.

"Əgər Bayram Məmədova qarşı bir daha cəza tədbiri görülsə və cərimə kamerasına salınsa onlar aclıq aksiyasına başlayacaqlar" - Əsabəli Mustafayev deyib.

Vəkil aclıq aksiyası barədə artıq Ombudsman aparatına müraciət etdiyini bildirib.

Ombudsman aparatından hələlik şərh almaq mümkün olmayıb.

Image caption N!DA üzvləri Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman aclıq aksiyasına başlamağı planlaşdırırlar

Penitensiar xidmət nə deyir?

Penitensiar Xidmətin sözçüsü isə BBC Azərbaycancaya deyib ki, "əgər məhbuslar aclıq aksiyasına başlayıblarsa bu barədə onlar müəssisə rəhbərliyinə rəsmi məktub ünvanlamalı və bu addımın niyə atıldığını izah etməlidirlər. Bundan sonra məsələ araşdırılır".

Fəallar kimdir?

Bayram Məmmədov həbsdə olan digər fəal Qiyasəddin İbrahimovla birgə 2016-cı ilin may ayında hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarları yazıldıqdan sonra "yoxa çıxıb".

Daha sonra, Baş Prokurorluq açıqlayıb ki, onlara qarşı cinayət ittihamı irəli sürüb. Məhkəmənin hökmü ilə hər iki NİDA-çı 10 il müddətinə həbs edilib.

Fotonun müəllifi Aziz Karimov
Image caption İlkin Rüstəmzadə 2014-cü il mayın 6-da 8 il həbs cəzası alıb

NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında "Əsgər ölümlərinə son" aksiyasından sonra Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək həbs olunub.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzasına məhkum edilib.

2016-cı il avqustun 12-si saxlanılan Elgiz Qəhrəmanlı "külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi"ndə ittiham edilib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş