İlham Əliyev: “Partiyamıza rəqib ola biləcək ...bir siyasi qüvvə mövcud deyil”

İham Əliyev Fotonun müəllifi President.az

Prezident İlham Əliyev çərşənbə axşamı günü Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə hərd edilmiş mərasimdə çıxışında müxalif partiyaları tənqid edib və sabiq prezident Heydər Əliyevin fəaliyyəti barədə danışıb.

Prezident həmçinin Avropa Şurasında (AŞ) Azərbaycana qarşı "hücumlar" və "ədalətsiz siyasətə" görə Azərbaycanın təşkilata üzvlüyünün daimi olmasına qarantiya olmadığını deyərək AŞ-ı hədələyib.

Prezident YAP hakimiyyəti dövründə Azərbaycanın müqayisəsiz dərəcədə inkişaf etdiyini deyərək, ölkədəki sabitliyin iqtisadi inkişaf üçün mühüm roluna görə onun davamını hakimiyyət üçün əsas vəzifələrdən biri olduğunu deyib.

Lakin, o, həmçinin Qarabağ münaqişəsi barədə sözlərində Azərbaycanın "nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa" edəcəyini də bəyan edib.


Həmçinin oxuyun:


"Ulu Öndər"in əhəmiyyəti

Prezident ilk olaraq partiyanın keçmişi və öz atası və sabiq prezident Heydər Əliyevin YAP-ın Naxçıcanda təsis edilməsindəki aparıcı rolu barədə danışıb.

Sabiq prezidentə bəzən "Ulu Öndər" adı ilə təsvir edən hazırki prezident, Heydər Əliyevin Moskva şəhərində 20 Yanvar hadisələrini pisləyərək, o vaxt "liderlik keyfiyyətləri...böyük cəsarət [və] vətənpərvərlik" göstərdiyini vurğulayıb.

Heydər Əliyevin Naxçıvanda işləyərkən "müstəqilliyə gedən yolu" açdığını bildirən prezident, sabiq prezidentin Bakıya qayıdışına Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti tərəfindən maneaçılıq yaradıldığını iddia edib.

Azərbaycanın "bütün təbəqələrinin" YAP-da birləşdiyini deyən prezident, hazırda partiyanın 700 mindən çox üzvü olduğunu qeyd edib. Bu üzvlərin 40 faizindən çoxunun gənclərdən ibarət olduğunu deyərək, prezident Əliyev bunun partiyanın apardığı siyasətin "gənc nəsil üçün də cəlbedici" olduğunu göstərdiyini deyib.

Fotonun müəllifi President.az

AXC-Müsavat tənqidləri

AXC-Müsavat hakimiyyətin 90-cı ilin əvvəllərindəki iqtisadi, siyasi və sosial böhranlara səbəb olmaqda təqsirləndirən prezident, çıxışının əhəmiyyətli qismini həm də AXC və Müsavat partiyalarının tənqidinə həsr edib.

Azərbaycanın hazırda "demokratiya yolu" ilə getdiyini və hakimiyyətin "demokratik cəmiyyət" qurduğunu deyən prezident həmçinin AXCP və Müsavat üçün "Azərbaycanın siyasi səhnəsində yer" olmadığını bildirib.

Azərbaycanda bütün azadlıqların təmil edildiyini bildirin prezident həmçinin deyib ki, hazırda YAP-a "rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil".

O, müxalif partiyaları "xaricdən idarə" olunmaqda, "geyri-konstruktiv" hərəkətlər və "aqressiv" davranışlarda təqsirləndirib.

"Nəyin bahasına olursa-olsun"

Prezident vurğulayıb ki, "heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz". Bu səbəbdən, o, hökumət önündə olan əsas daxili siyasətin bu sabitliyin təminatı olduğunu deyib.

Lakin eyni zamanda, prezident keçən ilin aprel döyüşlərinin "Azərbaycan dövləti və xalqı"nın "nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa" etməyə hazır olduğunu göstərdiyini deyib.

Bununla yanaşı, prezident Dağlıq Qarabağ münaqişəsinin həllin yalnız "ölkəmizin ərazi bütövlüyü çərçivəsində" tapılmalı olduğunu qeyd edib.

Bu barədə daha geniş