N!DA-çı Elgiz Qəhrəmanın həbs müddəti 5 il 6 aydan 3 ilə azaldılıb

Elgiz Qəhrəmanlı Fotonun müəllifi NİDA

"NİDA" hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın həbs cəzası azaldılıb. Cəzaçəkmə müddəti 5 il 6 aydan 3 ilə endirilib.

Noyabrın 29-da Ali Məhkəmədə keçirilən prosesdə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

Elgiz Qəhrəmanın atası Camal Qəhrəmanov BBC Azərbaycancaya deyib ki, məhkəmə oğlunun ittiham olunduğu 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitə saxlama, daşıma, göndərmə, əldə etmə- külli miqdarda törədildikdə) maddəsini 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəyə tövsif edib, cəzası 3 ilə endirilib.

Maddə dəyişdirildikdən sonra onun cəza çəkdiyi müəssisə də dəyişdiriləcək və daha yüngül rejimlisi ilə əvəz olunacaq.

Valideyinin sözlərinə görə, Elgiz Qəhrəman məhkəmədə iştirak etməyib və cəzasının yüngülləşdiriləcəyinə ümidsiz olub.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur.

NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb.

Elgiz Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş