Penitensiar Xidmət: "Hacı Məmmədov yazdığı məktubda üzrxahlıq edib"

həbsxana Fotonun müəllifi Getty Images

İntihar etdiyi bildirilən Daxili İşlər Nazirliyinin həbs olunmuş sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun məktubu tapılıb.

Bunu Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat katibliyindən BBC Azərbaycancaya bildiriblər.

Penitensiar Xidmətin açıqlamasına görə, Hacı Məmmədov vərəmdən, xərçəngdən və şəkərli diabetdən müalicə olunurmuş.

Penitensiar Xidmət bildirir ki, hadisə yerinə baxış keçirərkən "Hacı Məmmədov tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını" yazıb.

Penitensiar Xidmət bildirir ki, faktla bağlı Bakı şəhər Prokurorluğu cinayət işi qaldırıb və "hazırda istintaq hərəkətləri davam etdirilir".

Baş Prokurorluq həftəsonu bildirib ki, Hacı Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində özünə qəsd edib.

DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində həbs edilmişdilər.

Adam oğurluğu və qətllərdə təqsirləndirilmış Hacı Məmmədova qarşı ümumilikdə 80-ə qədər maddə ilə ittiham irəli sürülüb və onun barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.

O, məhkəmənin barəsində verdiyi hökmdən sonra həbsxanaya göndərilməmiş, uzun müddət MTN-nin istintaq təcridxanasında saxlanmışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş