Hacı Məmmədov kim idi?

Hacı Məmmədov Fotonun müəllifi APA

Adam oğurluğunda, ondan çox qətldə adı hallanmış və ömürlük həbs cəzasına məhkum edilmiş DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib, Respublika Prokuroluğu məlumat yayıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti isə bildirib ki, vərəmdən, xərçəngdən və şəkərli diabetdən müalicə olunan Hacı Məmmədovun üstündən onun yazdığı məktub tapılıb.

O, "həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını" yazıbmış.

Hacı Məmmədovun adı ictimaiyyətə 2005-ci ilin martında bəlli olub: Beynəlxalq Bankın o vaxtkı sədri Cahangir Haclyevin - onun özü də indi həbsdədir - xanımı Zamirə Hacıyevanın oğurlanması ilə bağlı o zamankı MTN-in keçirdiyi "Qara kəmər" əməliyyatından sonra…

Hacı Məmmədov kim idi:

İstintaq materiallarında göstərilir ki, Hacı Məmmədov Daxili İşlər Nazirliyi sistemində 1977-ci ildən işləməyə başlayıb.

O, 1995-ci ildə DİN-də Baş Cinayət Axtarış İdarəsində əmlak cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, sonradan isə baş əməliyyat müvəkkili təyin edilib.

O, Qusarda yerləşən "Qarabulaq" istirahət mərkəzinin qeyri-rəsmi sahibi olub. Elə bir çox adamın meyiti də məhz bu mərkəzin ərazisindən tapılıb çıxarılmışdı.

Məmmədovun siyahısı

İstintaq materiallarında Hacı Məmmədovun özünə dəstə yaradaraq müxtəlif vəzifəli adamları oğurlayıb onlardan külli-miqdarda pul tələb edilməsi, onlarla adamın qətlə yetirilməsi öz əksini tapıb.

Qətlə yetirilən şəxslərin siyahısında Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşı Rövşən Əliyevin, "Qara Polkovnik" kimi tanınan Fətulla Hüseynovun adları var.

Məhkəmə ifadəsində Hacı Məmmədov ona qarşı irəli sürülən ittihamların bəzilərini qəbul etmişdi.

Ancaq iki il əvvəl MTN ləğv ediləndən sonra Hacı Məmmədov kassasiya şikayəti qaydasında Ali Məhkəməyə müraciət etmişdi. Ancaq müraciətə rədd cavabı verilmişdi.

Fotonun müəllifi Getty Images
Image caption Ancaq Hacı Məmmədov digərləri kimi cəzaçəkmə müəssisəsinə göndərilmədi

Sonuncu "əməliyyat"

İstintaq materiallarında gostərilir ki, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva 2005-ci ildə getdiyi qadın salonundan çıxarkən oğurlanıb.

Onu Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar və Cahangir Hacıyevdən xanımının azadlığa buraxılması üçün külli miqdarda pul istənilib.

Məhz bu hadisədən sonra MTN "Qara kəmər" adı altında xüsusi əməliyyat keçirərək Hacı Məmmədovu və onunla bərabər 20-dən çox adamı həbs edir.

Hacı Məmmədovla bərabər o zaman DİN-də Baş Cinayət-Axtarış İdarəsinin rəisi olan general Zakir Nəsirov da həbs olunur.

Sonradan Zakir Nəsirov məhkəmədə bu cinayətlərdən xəbəri olmadığını bildrimiş, ittihamların heç birini qəbul etməmişdi.

MTN təcridxanasında "rəssamlıq emalatxanası"

Ömürlük həbsə məhkum olunmuş Hacı Məmmədov digərləri kimi cəzaçəkmə müəssisəsinə göndərilmir. O, MTN-in İstintaq Təcridxanasında saxlanır. Burada rəsmlər çəkir.

Mərhum hüquq müdafiəçisi Elçin Behbudov bir neçə dəfə mətbuatda rəsmlər nümayiş etdirərək onların Hacı Məmmədova məxsus olduğunu söyləmişdi.

Bu rəsmlərdə pələng və qadın, Londonda Biq Ben saatı önündə əlitapançalı kişi təsvir edilmişdi. Elçin Behbudov müsahibələrində demişdi ki, Hacı Məmmədov bu rəsmlərə "sirr kimi parol qoyur".

Hüquqşünaslar Hacı Məmmədovun MTN-də saxlanmasını "qanuna zidd" saymışdılar.

Hacı Məmmədov MTN-in təcridxanasından qurum ləğv ediləndən sonra cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Son vaxtlar da isə səhhəti ilə bağlı Penitensiar Xidmətin ixtisaslaşmış müalicə müəssisəsinə köçürülmüşdü.

Əlaqəli mövzular

Bu barədə daha geniş